Bakı 2015: Voleybol yarışlarında iştirak edəcək komandalar bəlli oldu
06 Dekabr 2014 01:29

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi kişi və qadın idmançılardan ibarət 24 Voleybol komandasının gələn ilin yayında keçiriləcək yarışlarda iştirak hüququ qazandıqlarını təsdiq edib. Sportpress.az-ın məlumatına görə, yarışlara ev sahibliyi edən Azərbaycan həm kişi, həm də qadın turnirlərində iştirak edəcək. Həm kişi, həm də qadın tunirlərindən ibarət seçmə yarışlarda reytinq dərəcəsinə görə birinci olan Rusiya da hər iki turnirdə yarışacaq.

Kişilərdən ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalar reytinq dərəcəsi ardıcıllığına uyğun olaraq İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Almaniya, Fransa, Finlandiya, Belarus, Slovakiya və Türkiyədir.

Qadınlardan ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalara kvalifikasiya dərəcələrinin ardıcıllığına görə Serbiya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya daxildir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Biz əminik ki, Avropa Oyunlarının 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunları üçün seçmə yarışlara vəsiqə təqdim etməsi Bakı 2015-də Avropanın ən yaxşı komandalarının iştirak edəcəyinə imkan yaradacaq. Bu, teleyayım tərəfdaşlarımız, tamaşaçılar və bütün Avropadakı Voleybol azarkeşləri tərəfindən böyük marağın yaşanacağı deməkdir”.

Paytaxtda yerləşən Crystal Hall-da keçiriləcək 16 günlük voleybol  yarışlarında iki qızıl medal uğrunda mübarizə aparılacaq.

Avropa Voleybol Federasiyasının prezidenti cənab Andre Meyer deyib: “Avropanın ən yaxşı komandalarının həm kişi, həm də qadınlardan ibarət turnirlərdə iştirakı birinci Avropa Oyunlarında mükəmməl voleybol yarışlarının keçiriləcəyinə zəmanət verir. Bakı 2015 Avropa Oyunları beynəlxalq Voleybol təqvimində əlamətdar tarix kimi qeyd olunacaq və biz Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsini həyəcanla gözləyirik”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan qeyd etmişdir: “Mən öz ölkələrini birinci Avropa Oyunlarında təmsil etmək üçün seçilmiş bütün komandaları təbrik etmək istərdim. Voleybol qitə üzrə ən məşhur idman növlərindən biridir və Azərbaycan xalqının öz milli komandalarını möhtəşəm Crystal Hall-da dəstəkləmələri və qızıl medal uğrunda gedən mübarizəni izləmələri çox gözəl olacaq”.

 

  • Share on Tumblr


Oxşar xəbərlər