Rio-de-Janeyro Olimpiadasının talismanları təqdim olunub
24 Noyabr 2014 18:45

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək yay Olimpiya və Paralimpiya oyunlarının talismanlarının təqdimatı olub. Sportpress.az xəbər verir ki, bu talismanlar Braziliyanın heyvanat və bitki aləminin rəmzidir.

Pişiyə bənzəyən sarı rəngli heyvan Braziliya faunasının obrazı şəklində təqdim olunub. Braziliya florasının ümumiləşdirilmiş obrazını göy və yaşıl rəngli bitki təcəssüm etdirir. Bu obrazda istər çiçək, istərsə də ağac cizgiləri əksini tapıb. İndi braziliyalılar internetdə səsvermə yolu ilə 2016-cı il oyunlarının simvoluna ad seçməlidirlər. Şort-listdə Oba və Eba, Tiba Tuke və Eskidim, Vinisius və Tom adları yer alıb Siyahıdakı son iki ad Braziliyanın tanınmış musiqiçi və bəstəkarları Vinisius di Moraysın və Tom Jobimin şərəfinə seçilib.

“Olimpiya talismanı” anlayışı rəsmən 1972 ildə Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiq edilib. Talisman olimpiyaçılıq prinsiplərini önə çəkmək və konkret Oyunların təbliğinə kömək etmək məqsədi daşıyır.

Talisman Olimpiadanı qəbul edən tərəfin xüsusiyyətlərini əks etdirən insan, heyvan və ya əfsanəvi məxluq ola bilər. O, həm də müasir Olimpiya hərəkatının dəyərlərini təcəssüm etdirməlidir.

  • Share on Tumblr