Qadın qrossmeysterimiz: “Kişilərdən ibarət yığmada oynamaq istəyirəm”
17 Noyabr 2014 11:44

Günay Məmmədzadənin 14 yaşında qrossmeyster ünvanını qazandığını bilirsiz. Bununla da qadın şahmatımızda rekorda imza atan gənc şahmatçı Türkan Məmmədyarovanın uğurunu geridə qoydu. Məmmədyarov 2007-ci ildə 18 yaşı olarkən bu idman növündə ən yüksək dərəcəyə sahib çıxmışdısa, Məmmədzadə onun nəticəsini daha 4 il yaxşılaşdırdı. Aşağı yaşlarda şahmatda bir çox təmsilçilərimiz Avropa və dünya çempionatlarında fərqlənib. Bəlkə də Günayın bu ilədək həmin kateqoriyalarda qazandığı medallar bu üzdən bir o qədər ictimaiyyətin diqqətini cəlb etməyib. Ancaq onun 14 yaşında böyüklərin qitə birinciliyində debüt etməsi sükutla qarşılana bilməzdi. Yaşının azlığına baxmayaraq, Məmmədzadə Bolqarıstana turist kimi getmədiyini ilk turlardan ortaya qoymuşdu. 7 turdan sonra yeniyetmə bir qızın 8-ci pillədə qərarlaşması sıradan olay deyildi. Düzdü, o yekunda 116 iştirakçı arasında 45-ci yeri tutdu. Bununla belə, əmsalını xeyli artırmağa müvəffəq oldu. Hazırda reytinqi 2316 olan Məmmədzadə bu göstəricidə xanımlarımızdan yalnız Gülnar Məmmədovadan (2354) geri qalır. Ölkə rekordçusunu yaxından tanımağa dəyər. “General olmaq istəməyən əsgər, əsgər deyil” deviziylə irəliləyən şahmatçının iddiasına söz ola bilməz.

- Niyə şahmatı seçdin?

– Babam və nənəm həvəskar şəkildə şahmat oynayırdı. Bu sahəyə maraq onlardan keçib. Şahmatda ilk addımları atmağı onlar öyrədib. 5 yaşımdan isə 1 nömrəli şahmat məktəbinə getməyə başladım.

- Lap əvvəldən şahmatda peşəkar karyera qurmağı hədəfləmişdin?

– Bəli. Müəyyən hədəflərim var idi. Uğurlar qazandıqca iddialarım da böyüdü. İndi qarşımda yeni hədəflər durur.

- Bu dərəcədə parlaq çıxış etməyinin özəl səbəbi var?

– İstənilən idman növündə uğur qazanmaq üçün hərtərəfli hazırlıq tələb olunur. Sevdiyim bir aforizm var: “uğur dadlıdı, amma çox vaxt tər qoxuyar”. Həmişə çalışıram ki, zəhmətimin dəyəri olsun.

- Gün ərzində neçə saatını şahmata həsr edirsən?

– O baxır günə. Elə olur ki, bir günümü sırf şahmata həsrət edirəm, bəzi günlərdə isə ümumiyyətlə bu növlə məşğul olmuram.

- Şəxsi məşqçin kimdi?

– Rəsul İbrahimov.

- Daha böyük uğurlara imza atmaq üçün tanınmış məşqçilərlə çalışmaq tələb olunur. İmkanın olsa, kiminlə işləməyi istərdin?

– Bu, bir qədər böyük vəsait tələb edir. İstərdim ki, Fabiano Karuananın məşqçisi Vladimir Çuçelovun rəhbərliyi altında hazırlaşım.

- Müxtəlif turnirlərdə iştirakın təhsilinə mane olmur?

– Təbii, belə problemlə üzləşirəm. Dərslərdən geri qalıram. Çalışıram ki, sevdiyim fənnləri yaxından izləyim.

- Ali təhsil almağı fikirləşirsən?

Bütün diqqətimi şahmata ayırsam da, qismət olsa, diplomat olmaq istəyirəm.

- 14 yaşında qrossmeyster olmaq necə hissdi?

– Bütün şahmatçı qızlar 18-20 yaşlarında bu dərəcəyə yüksələ bilər. Ancaq mənim hədəflərim daha böyükdü. Qadınlar arasında dünya çempionu olmaq istəyirəm. Amma buna erkən yaşlarda nail olmağı qarşıma məqsəd qoymuşam.

- Niyə belə tələsirsən? Hədəfinə tez çatıb, karyeranı başa vurmaq istəyirsən?

– Yox. Sadəcə, bu yolla dünya rekorduna imza atmaq istəyirəm. Hazırda bu mənada ən yaxşı göstəriyə çinli Yifan Hou sahibdi. 20 yaşlı şahmatçı son dünya çempionudu.

- Böyüklərin Avropa çempionatında 7 turdan sonra 8-ci pillədə qərarlaşanda şoka düşməmişdin?

– Yox, öncədən hiss edirdim ki, belə uğurlu nəticə göstərəcəm. Ancaq son turlarda nəticələrim o qədər də yaxşı olmadığından gerilədim.

- 18 yaşadək qızların analoji yarışında ilk “10-luğ”a düşə bilməməyini nə ilə əsaslandırardın?

– Yaşımın azlığına baxmayaraq, Batumidə reytinq favorit idim. Bu üzdən həddən artıq iddialı, riskli oynadım. Bu isə əks effekt verdi.

- Şahmatçılara belə suallar tez-tez verilir: özünü şahmat taxtasında hansısa fiqura bənzədirsən?

– Yox, özümü hansısa fiqura bənzətmirəm (gülür). Ancaq “vəzir” və “at”ı daha çox sevirəm. Onlar oyunlarda mənim əsas “silahlar”ımdı.

- Qarşılaşmalara daha çox hansı gedişlə başlayırsan?

– Piyada E2-E4-lə.

- Günay daha çox rəqiblərlə aqressiv, yoxsa ehtiyatlı üslubda oynayır?

– Bu, vəziyyətdən asılı olaraq müəyyənləşir. Oyun tərzimi görüşün gedişinə uyğun seçirəm.

 – Şahmat saytlarında özünü sınamağı xoşlayırsan?

– Əvvəllər bu portallardan istifadə edirdim. Artıq buna ehtiyac duymuram.

- 2016-cı ildə ölkəmizdə Şahmat Olimpiadası keçiriləcək. Böyüklərin turnirində iştirak təcrübən var. Əsas yığmadan təklif gözləyirsən?

– Təbii. Artıq millidə oynamalıyam. Ancaq istəməzdim ki, qadınlardan ibarət komandada çıxış edim. 2016-ya kimi çox şey dəyişə bilər. Səviyyəm çox qalxsa, kişilərin yarışında da iştirak edə bilərəm. Necə ki, Yudit Polqar qadın olsa da, Macarıstanın kişi komandasında çıxış edirdi.

- İddianın belə yüksək olması sevindiricidi. Şahmatda idealın kimdi?

– Əvvəllər Polqar idi. Hazırda sırf Maqnus Karlsenin adını çəkə bilərəm.

- Şahmatdan başqa hansı idman növləriylə maraqlanırsan?

– Voleybol, atçılıq, üzgüçülük və atıcılığın adını çəkə bilərəm. Voleybolla əvvəllər məşğul olurdum. Üzgüçülüyə indi də gedirəm. At sürmək isə gələcək hədəfimdi.

 – Niyə bu gün qadın şahmatçılarımız böyük yaş səviyyəsində kişilərimizə aşkar uduzur?

– Bu suala cavab vermək mənim üçün çətindi. Hər insanın özünəməxsus xarakteri var. Ola bilər, kişilər daha əzmkar olduqlarından yaxşı nəticələr qazanır.

- Azərbaycan qadın idmançısının ənənəvi problemlərindən biri müəyyən yaşa çatıb, ailə həyatı qurduqdan sonra karyerasında geriləməsidi. Bu hal şahmatda da müşahidə olunur. 20 yaşa çatanda belə problemlə üzləşəcəyindən qorxmursan?

– Yox. Ümid edirəm ki, 20 yaşa çatanda artıq karyeramın zirvəsində olacam.

Mənbə: “Futbol+” qəzeti

  • Share on Tumblr


Oxşar xəbərlər