Samir Cəbrayılov yenidən fəxri kürsüdə
12 Noyabr 2014 13:23

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Çin turnesi çərçivəsində daha bir yarışda iştirak edib. Sportpress.az-ın məlumatına görə, təmsilçilərimiz bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Tour of Yancheng Costal Wetlands” yürüşündə mübarizə aparıblar.

Komanda üzvlərimiz içərisində ən yüksək nəticəyə Azərbaycanın U-23 yığmasının üzvü Samir Cəbrayılov imza atıb – o, 143.5 km-lik məsafəni yarış qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 113 velosipedçi arasında 5-ci yeri tutub. Bundan başqa, Aleksandr Surutkoviç və Elçin Əsədov da yarışı ilk pelotonda başa vurublar.

Birgünlük yarışın 23 yaşadək velosipedçiləri arasında isə Samir Cəbrayılov 2-ci yeri tutub və xüsusi mükafata layiq görülüb. Xatırladaq ki, gənc velosipedçimiz bazar günü Çində başa çatan 2.1 kateqoriyalı, 9 mərhələdən ibarət “Tour of Taihu Lake” yürüşündə U-23 yaş kateqoriyasında 3-cü olmuşdu.

Komanda hesabında “Synergy Baku” “Tour of Yancheng Costal Wetlands” yürüşündə 3-cü nəticə göstərib.

  • Share on Tumblr