6-cı mərhələyə doğru 2-ci yerdə
06 Noyabr 2014 01:16

İlk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Çində keçirilən sayca 5-ci “Tour of Taihu Lake” yürüşündə çıxışını davam etdirir. Sportpress.az-ın məlumatına görə, 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

Bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət ediblər. 4-cü mərhələdə olduğu kimi, bu dəfə də velosipedçilərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb – o, finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 7-ci olub – 2 saat, 51 dəqiqə, 37 saniyə. Digər təmsilçilərimiz – Aleksandr Surutkoviç, Elçin Əsədov, İsmayıl İlyasov, Samir Cəbrayılov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.

5 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: Samir Cəbrayılov 12-ci, Aleksandr Surutkoviç 15-ci, Maksim Averin isə 18-cidir.

Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov 4-cü pillədədir – o, liderə cəmi 13 saniyə uduzur. İsmayıl İlyasov 10-cu, Ənvər Asanov isə 13-cü yerdə qərarlaşır. Komanda hesabında “Synergy Baku” 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 6-cı mərhələdə iştirakçılar 113 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” ASC Azərbaycanın ilk peşəkar velokomandası “Synergy Baku Cycling Project”in baş sponsorudur.

  • Share on Tumblr


Oxşar xəbərlər