AFFA: Prosineçki ilə razılıq əldə olunmayıb!
31 Oktyabr 2014 14:05

AFFA-nın rəsmi saytı Robert Prosineçkinin millimizin yeni baş məşqçi təyin olunacağı, noyabrın 4-də tərəflər arasında rəsmi müqavilə imzalanacağı barədə yayılan xəbərlərə münasibət bildirib. Qurumun rəsmi saytında yer alan xəbərdə deyilir:

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq. Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan – Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir.

AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır.

  • Share on Tumblr