Oksana Kurt: “Hər kəs gördü ki, güclü yığmalarla başa-baş oynaya bilərik”
29 Oktyabr 2014 22:16

“Azəryol”un və millimizin kapitanı Oksana Kurt “Futbol+” qəzetinə müsahibə verib. Sportpress.az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə Rusiya klubu ilə görüş haqda fikirlərini bilmək maraqlı olardı.

– “Azəryol” bir neçə gündü ki, bir araya gələrək məşqlərə başlayıb. Bugünkü qarşılaşmada bizdə nəyin alınıb, nəyin alınmadığı üzə çıxdı. Nöqsanların üzərində işləməliyik. İnkişaf sürətlə gedir. Fikrimcə, ölkə çempionatının startına kimi tam hazır vəziyyətə gələcəyik.

- Cəmi 2 yoxlama oyunu optimal duruma gəlməyə imkan verəcək?

– Hər hansı problemin olacağını düşünmürəm. Çünki hələ məşqlərimiz olacaq. Üstəlik, nəzərə almaq lazımdı ki, bütün komandalar bənzər vəziyyətdədi. Təkcə bizim oyunçular indi klublarına qoşulmayıb. Rəqiblərimizin də dünya çempionatından yenicə qayıdan voleybolçuları var. Yəni onlar da heyətlərini yenicə cəmləyiblər. “Lokomotiv” Türkiyədə yoxlama oyunları keçirib. Heç kim onların necə oynadığını görməyib. “Loko” haqda fikir bildirməkdə çətinlik çəkirəm. Eyni sözləri “Rabitə” haqda da demək olar. Məncə bütün komandalar çempionat başlayanadək problemləri yoluna qoyub, hazır vəziyyətə gələcək.

- Heyətində ciddi dəyişikliklər olan komandada bir müddət uyğunlaşma probleminin olması təbiidi. Bu məqamı nəzərə alsaq, “Azəryol”un əsl gücünü nə vaxt görəcəyik?

– Mövsüm başlayana kimi hazır olmalıyıq. Reallıqdan danışırıqsa, ideal formamıza yeni ilə yaxın çata bilərik. Artıq o zaman voleybolçular bir-birini sözsüz, gözü yumulu başa düşəcək.

- Superliqada çempionluq uğrunda savaşacağına şübhə yoxdu. Bəs Çempionlar Liqasında hədəf nə olacaq?

– Ölkə çempionatında olduğu kimi, ÇL-də də daim yüksək yerlər uğrunda mübarizə aparırıq. Qarşımıza qoyulan ilkin məqsəd “dördlər finalı”na vəsiqə qazanmaqdı. Bu hədəfə çatsaq, növbəti missiyamız medal qazanmaqdan ibarət olacaq. Sözsüz, superliqada da çempionluq həsrətinə son qoymağa çalışacağıq.

- Mövcud heyət hər iki yarışda titulu əldə etməyə imkan verir?

– Əlbəttə. Çox güclü voleybolçularımız var. Ehtiyat oyunçularımız haqda da əminliklə eyni sözləri deyə bilərəm. İlk “6-lıq”dan kimsə zəif oynasa və ya zədələnsə, çox rahat, layiqincə əvəzləyə bilərlər.

- Düşünmürsən ki, ağır marafonda topun qəbulu problemi ilə üzləşəcəksiz?

– Belə fikirləşmirəm. Qəbulu yaxşı bacaran oyunçularımız var. Əslində bu gün bütün komandalarda servisi qarşılamaq problemi mövcuddu.

- İndi isə keçək dünya çempionatına. Bir kapitan kimi, yığmanın oyunundan və nəticəsindən razı qaldın?

– Bəlkə də daha yaxşı oynaya bilərdik. Əlbəttə, mundialda xoş anlar yaşadıq. İstəklə, xarakterlə qalib gəldiyimiz matçlar oldu. Hansı ki bütün yayı bu oyunlara hazırlaşmışdıq. Bəzi qarşılaşmalarda isə çox zəif oynadıq. Fikrimcə, həlledici məqamda əksər oyunçuların böyük yarış təcrübəsinin olmaması sözünü dedi. Buna baxmayaraq, çıxışımız yaxşı potensiala sahib olduğumuzu göstərdi. Qızların çıxışı onu deməyə əsasa verir ki, növbəti dünya çempionatına yüksəlib, daha yaxşı nəticə əldə edəcəyik.

- Bir il əvvəl Avropa çempionatında Natalya və Valeriya Məmmədovaların da yer aldığı komanda Avropa çempionatında fiaskoya uğramışdı. Ancaq milli onlarsız daha yaxşı təsir bağışladı. Komandada nə dəyişdi ki, əsas heyətin iki üzvü olmadan belə çıxış edə bildi?

– Ötən ilki yarışa yaxşı hazırlaşa bilməmişdik. Daha yaxşı hazırlaşmaq üçün ixtiyarımızda yetərincə vaxt yox idi. Hazırlıq prosesinin gedişində mən zədələndim. Oyuna bir gün qalmış isə Kseniya Kovalenko belə problemlə üzləşdi. Heyət müəyyən qədər dəyişikliyə məruz qaldı. Bu da oyunçulara az təsir göstərmədi. Bildiyiniz kimi, Lera hamilədi. O bir azdan ana olacaq. Onların itkisinə baxmayaraq, gənc qızlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Əminəm ki, nə vaxtsa yığmadan ayrılsam, məni də layiqincə əvəzləyəcəklər.

- Gözünüzü açandan millidə baş məşqçi kimi Faiq Qarayevi görmüsüz. Ancaq hazırda yığmanı Aleksandr Çervyakov çalışdırır. Taktiki yöndə məşqləri fərqlənirmi?

– Ümumiyyətlə, onlar arasında hər hansı fərq yoxdu. Çünki onlar uzun illər bir yerdə işləyiblər. Elə yığma üzvləri də onlarla çalışmağa alışıb. Taktiki çalışmalarda hər hansı fərq olmadığından bu bizim üçün də rahatdı.

- Qarşıdakı əsas yarış ölkəmizdə keçiriləcək Avropa Oyunlarıdı. Doğma meydan və azarkeş dəstəyi altında medal qazana bilərik?

– Niyə də olmasın? Nəzərə almaq lazımdı ki, başqa qitələrin güclü komandaları bu yarışda iştirak etməyəcək. Bu, bizim üçün gözəl şansdı. Hər kəs gördü ki, biz güclü yığmalarla başa-baş oynaya bilərik. İtaliya ilə oyunumuz da buna sübutdu. Həmin görüşdə sadəcə, təcrübə çatışmazlığı bizi qələbədən etdi. Sadə səhvlərimizdən rəqib yararlandı. Avropa Oyunlarında azarkeşləri sevindirə bilərik.

- Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı bir müddət öncə sənin və bacının yığma karyeranızı başa vurduğunuzu yazmışdı. Sonradan bunun yalan olduğu üzə çıxdı. Ümumiyyətlə, bacıları millidə daha bir neçə il görə biləcəyik?

– Bunu deyə bilmərəm. Ən azı Avropa Oyunlarında əsas komandada yer alacağımız dəqiqdi. Ardını isə zaman göstərər.

  • Share on Tumblr


Oxşar xəbərlər