AFFA-nın sabiq prezidentinin oğlu: “Millinin yeni baş məşqçisi yerli mütəxəssis olmalıdır”
29 Oktyabr 2014 13:57

“Mərhum Ramiz Mirzəyevin 60 illiyi münasibəti ilə turnir təşkil edən hər kəsə təşəkkür edirəm. Atamı yad etdikləri üçün ailəmiz adından bu işdə əməyi keçən şəxslərə minnətdarlığımı bildirirəm. Futbol turnirində iştirak edən veteranlar, incəsənət xadimləri, media nümayəndələri sağ olsunlar ki, vaxt tapıb tədbirə qatıldılar”. Sportpress.az saytına verdiyi eksklüziv açıqlamada bu sözləri sabiq AFFA prezidenti, 60 illiyi tamam olan mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev deyib.

Mirzəyev hər bir azərbaycanlı kimi Avroliqada ölkəmizi layiqincə təmsil edən “Qarabağ” klubunun uğurlarına sevindiyini bildirib: “Qarabağ”ın “Dnepr”lə oyunu izlədim. Komandamız çox yaxşı, layiqli və əzmkar mübarizə apardı. “Qarabağ” nəticəyə oynadı və layiqli qələbə qazandı. Bu, Azərbaycan futbolu üçün önəmli bir uğurdur. Bakıda keçiriləcək oyunda da “Qarabağ”ın uğur qazanacağına ümid edirəm. Futbolla əlaqəm olmasa da, istər avrokuboklarda çıxış edən klublarımızın, istərsə də millimizin oyunlarını canlı olaraq izləyirəm. Qazanılan hər bir uğura sevinirəm”.

Anar Mirzəyev hazırda gündəmi zəbt edən millinin yeni baş məşqçisinin kimliyi barədə danışıb: “Hazırda millinin baş məşqçi postuna bir çox namizədin adı çəkilir. Mən konkret kiminsə adını çəkə bilmərəm. İstəyim düzgün seçim olmasıdır. Sırf azarkeş kimi isə şəxsi fikrim odur ki, milli azərbaycanlı məşqçiyə tapşırılmalıdır. İstənilən halda, hər zaman Azərbaycan millisinin uğur qazanmasını arzulayırıq”.

  • Share on Tumblr


Oxşar xəbərlər