Stolüstü Tennis üzrə Azərbaycan Kuboku başa çatdı
24 Oktyabr 2014 14:25

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilmiş stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb. Sportpress.az-ın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov dövlət başçısının ölkəmizdə idmana böyük diqqət və qayğı göstərdiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını bildirib. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Ölkəmizin yüksək beynəlxalq nüfuzunun, mühüm tədbirlərin, idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olmasının göstəricisidir ki, 2015-ci ildə I Avropa Olimpiya Oyunları və 2020-ci ildə futbol üzrə Avropa Çempionatının bir sıra oyunları Azərbaycanda keçiriləcək. Fazil Məmmədov son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən bəhs edib, I Avropa Olimpiya Oyunları çərçivəsində stolüstü tennis yarışlarının da keçiriləcəyini bildirib.

5 gün davam etmiş və şəxsi-komanda formatında keçirilmiş yarışlarda 70-ə yaxın idmançı iştirak edib.

Komandalar arasında keçirilmiş yarışlarda 1-ci yeri “Təhsil” Respublika İdman Məktəbinin tennisçiləri, 2-ci yeri Bakı Tennis Məktəbinin idmançıları, 3-cü yeri isə Sumqayıt-1 komandası tutub.

Qadınların komanda yarışlarında I yerə NN klubunun üzvləri, II yerə Aztelekom İstehsalat Birliyinin nümayəndələri və III yerə Sumqayıt-1 komandasının tennisçiləri layiq görülüblər.

Qadınların şəxsi dərəcəsində keçirilmiş oyunlarda NN klubunun tennisçisi Çinli Zhou Chuyi I, həmin klubun nümayəndəsi Eminova Billurə II və Aztelekom İstehsalat Birliyinin tennisçisi III yeri tutublar.

“Təhsil” Respublika İdman Məktəbinin nümayəndəsi Fərhad İsmayılov kişilər arasında keçirilmiş şəxsi yarışlarda qalib olub. “Təhsil” Respublika İdman Məktəbinin digər tennisçisi Ramil Cəfərov II və Bakı Tennis Məktəbinin nümayəndəsi Hilal Həsənov isə III yerə layiq görülüblər.

Kişilərin qoşa yarışlarında Xəyal Həşimli – Hilal Həsənov I, Əli Bayramov- Ramil Cəfərov II, Anar Məmmədov-Cəfərzadə Cəfər III yerə çıxıblar.

Qadınların qoşa yarışlarında isə I yerə Zhou Chyui-Məryəm İmanova, II yerə Nəzrin Əhmədova-Şirinova Şərmin, III yerə isə Billurə Eminova-Dinarə Məmmədova sahib olublar.

Qarışıq qoşa yarışlarda Quliyev Rüfət-Həsənov Hilal I, Zhou Chuyi-Həşimli Xəyal II, İmanova Məryəm-Anar Məmmədov III yeri tutublar.

Qaliblərə kubok, diplom və hədiyyələr təqdim edilib.

  • Share on Tumblr


Oxşar xəbərlər