Hafiz Məmmədov: “Bu vəziyyətə düşməyimiz dostumuzu-düşmənimizi bizə tanıtdı”
17 Oktyabr 2014 11:55

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov affa.az saytına müsahibə verib. Sportpress.az həmin müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, milli komandamız Avro-2016-nın seçmə mərhələsində keçirdiyi hər 3 oyunda məğlub olub. İcraiyyə Komitəsinin bir neçə üzvü uğursuz çıxış və baş məşqçi Berti Foqtsun fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər. Sizin də münasibətinizi bilmək maraqlı olardı.

– Berti Foqts çox tanınmış məşqçidir. Onun Azərbaycanda olması bizim üçün böyük bir fəxrdir. Ölkə xaricindəki tədbirlər zamanı milli komandamızın baş məşqçisinin Berti Foqts olduğunu bildirərkən adam qürur hissi keçirir. Ancaq belə bir vəziyyətdə, belə bir şəraitdə o, milli komanda üçün böyük iş görə bilməyəcək. Həm özünə, həm də futbolçulara görə. O mənada ki, daim Azərbaycanda olmur. Gərək Azərbaycan futbolu ilə yaşayasan. Futbolçuların şəxsi həyatları ilə yox, meydandakı işinə görə qiymət verəsən. Yaxşı futbolçularımız var. Ancaq Foqts da etiraf edir ki, bu futbolçular klublarda yaxşı hazırlıq keçmirlər. Xorvatiya yığması ilə oyunda irəlidə cəmi 1 futbolçu vardı. Qalanları müdafiəyə çəkilmişdi. Əslində, ilk qol hər şeyi deyir. Futbolçularımız ölkəni tərk edib legioner həyatı yaşamalıdırlar. Xarici klublarda topladıqları təcrübəni milli komandanın oyunlarında nümayiş etdirməlidirlər. Məncə, Foqtsun işi burda alınmayacaq.

 – Yəqin ki, İcraiyyə Komitəsinin növbəti yığıncağında baş məşqçi məsələsi gündəmə çıxarılacaq. Ümumiyyətlə, siz Foqtsun izahatından sonra hansı qərarı gözləyirsiniz?

– İcraiyyə Komitəsinin üzvlərinin bu barədə fikirlərini bilmirəm. Hamının fikiri ilə tanış olduqdan sonra müəyyən fikir formalaşdıracağam. “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç əcnəbi məşqçinin Bakıda necə işləməli olduğunu mənə göstərdi. Məşqçi çalışdığı müddətdə daim Azərbaycanda olmalıdır, Azərbaycan futbolu ilə yaşamalıdır, azərbaycanlı uşaqlarla maraqlanmalıdır. Xarici məşqçi buraya gələrək öz sistemini tətbiq etməlidir. Foqts da öz sistemini tətbiq edir, ancaq heç kimə qulaq asmır. Bu vəziyyətdə Foqts nəticə verə bilməyəcək. O, çox savadlı insan, təcrübəli məşqçidir. Ona böyük hörmətim var, ancaq bu vəziyyətdə onun işi alınmayacaq.

 – Bildiyiniz kimi, bir müddət öncə UEFA ölkəmiz üçün tarixi qərar qəbul edərək 2020-ci ildə təşkil ediləcək Avropa çempionatının qrup mərhələsinin 3 oyununun və 1/4 final mərhələsinin 1 qarşılaşmasının təşkil olunmasını Bakıya həvalə etdi. İcraiyyə Komitəsinin üzvü kimi buna münasibətiniz necədir?

– Bu qərarı çoxdan gözləyirdik və yüksək qiymətləndiririk. Ölkəmiz üçün böyük bir qələbədir. Respublikamız dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir. Bakıda tikilən möhtəşəm Olimpiya stadionunda biri-birindən gözəl oyunlar keçiriləcək. Əlbəttə, bu, hamımızı sevindirir. Avro-2020-dən əvvəl 2016-cı ildə 17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının final mərhələsi ölkəmizdə təşkil olunacaq. Bu çempionatın ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, əməkdaşlıq etdiyimiz İspaniyanın “Atletiko” və Fransanın “Lans” klublarına təlim keçmələri üçün 10 nəfər uşaq göndərdik. Sonradan həmin klublar limiti götürüb bizdən 100 uşaq istədilər. Təəssüf ki, digər klublardan bununla bağlı dəstək görmədik. Bizə kömək edə bilən, lakin bu addımı atmayan klublardan narazıyam. İstedadlı uşaqlarını vermədilər ki, “Bakı”nın hesabına həmin klublara göndərək və orada futbolçu kimi yetişsinlər. Yenə o fikrimdə qalıram ki, bizim futbolçular gedib ölkə xaricində oynayıb təcrübə toplamasalar, uğur qazana bilməyəcəklər. O vaxt “Atletiko”nu Bakıya dəvət edərkən dedilər ki, yalnız 1 ildən sonra gələ bilərik. Təqvimlərinə baxıb gördüm ki, 3 gündən bir oyuna çıxırlar. Həqiqətən təqvimləri sıxdır. Ancaq bizdə elə deyil. Bazar ertəsi oynayan komanda şənbə günü meydana çıxmaq istəmir. Hər bir komanda oyun ərzində 95-96 km qaçır. Orta hesabla hər futbolçu 3 gündən bir 10 km məsafə qət edir. Bunun üçün normal hazırlıq keçirlər.

 – İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlardan biri də klublara AFFA tərəfindən idman direktorlarının təyin olunması barədə idi. İdman direktorlarından biri də sizin rəhbərlik etdiyiniz klubda çalışır. Onun fəaliyyətini necə qiymətləndirirsiniz?

– Çox yaxşı. Mənə verlən məlumata görə bu qərardan hamı razıdır. Yüksək səviyyədə iş aparır. İcraiyyə Komitəsi çox düzgün qərar qəbul edib. Bizim idman direktorumuz Torsten Spittler almaniyalıdır. Həm rəhbərlik, həm də futbolçular onun işindən razıdır. Onun gəlişindən sonra daha əvvəl yaratdığımız məşqçilər korpusuna ehtiyac qalmadı. Üstəlik, idman direktorunun məvacibini AFFA verir. Dünyanın heç bir yerində belə bir hal yoxdur ki, kimsə klubda işləsin, ancaq məvacibini federasiya ödəsin. Bu imkandan maksimum istifadə etməmək günahdır.

 – Hazırda futbol ictimaiyyətini maraqlandıran sual “Bakı” klubunun maliyyə durumudur. Bu sahədə hazırda “Bakı”da vəziyyət necədir?

– Bu suala ən qısa zamanda ətraflı cavab verəcəyəm. Klubun maliyyə vəziyyətində heç nə baş verməyib. Holdinqdə baş verən olaylardır. Biznesdə böhrana uğramaq kimi bir şey olmayıb. Sadəcə, illər əvvəl infrastruktura yatırdığımız vəsaitin geri dönməməsi nəticəsində “default” olduq. Müflis olanda hər şeyini satıb borclarını ödəyirsən. “Default” zamanı isə 10 manat alacağın ola bilər, 1 manat verəcəyin. 10 manat alacağın yubandıqda, 1 manat verəcəyini verə bilmirsən və bu halda sənə “default” deyirlər. Bizdə o vəziyyət oldu. İllərlə bəzi yerlərə yatırdığımız sərmayə geri dönmədikdə bir az maliyyə sıxıntısı yaşadıq. Holdinq olaraq bu da bizim digər strukturlarımıza təsir etdi. O cümlədən də futbola. Ancaq futbol o qədər səsli-küylü qurumdur ki, digər strukturlardan səs çıxmadığı halda, futbolda yaranan durum barədə hətta Nyu-Yorkda da danışılır. Yavaş-yavaş işləri qaydasına salırıq.

 – Son məlumatlara görə “Bank of Azerbaijan” fəaliyyətini bərpa edib. Bəzi futbolçuların bankda depozitləri olduğu deyilirdi…

– Bank elə bir qurumdur ki, bir vətəndaşın depozitini qəbul edib, hansısa digər vətandaşa və ya kredit təşkilatına yönəldərək mənfəət əldə edir. Kredit verilən şəxslərin kreditlərini geri qaytarmasında problem olduğu üçün bankda qarışıqlıq yarandı. Bu da tədricən həll olunur. Ad çəkmək istəmirəm, həmin futbolçularla şəxsən danışmışam. Söz vermişəm ki, yaxın zamanda bu məsələ həllini tapacaq.

 – Hazırda gənclərdən təşkil olunmuş “Bakı”nın heyətində yer alan futbolçulardan 14–ü klubun öz yetirməsidir. Onların bir çoxu müxtəlif yaş qruplarından ibarət komandalarda çıxış ediblər…

– Bunu mənə çoxdan deyirdilər.  Gərək bu sistemi əzəldən tətbiq edəydik. O zaman tam formalaşmamışdılar. İndi isə tam hazırdırlar. Bildiyiniz kimi, artıq Jaba da komandaya geri qayıdıb. Həmin gənclərlə yanaşı 3-4 təcrübəli legioner saxladıq. İndi uşaqların oyununun necə alındığını hamımız yaxşı görürük. Akademiyada yetişən uşaqlar tam başqa tərbiyə ilə böyüyüblər. Hamısı meydanda can yandırırlar. Bildiyiniz kimi, aşağı yaş qruplarından ibarət yığma komandalarda da “Bakı”nın futbolçuları oynayırlar. “Bakı” kimi, bir-iki komandada da yaxşı futbolçular yetişir. Azərbaycan futbolunun gözəl gələcəyi var. Mən uşaq futbolundan çox razıyam, uşaqlarımız çox güclüdür.  İstedadlı uşaqların gedib xaricdə oynamaları üçün həmişə vəsaitimiz var və bunu təmin edəcəyik. Onlar həm Fransa, həm də İspaniya çempionatlarında oynayacaqlar və gəlib Azərbaycan milli komandasının şərəfini qoruyacaqlar.

 – “Bakı” uşaq futbolu ilə yanaşı infrastruktura da böyük önəm verir. Ölkəmizdə ilk dəfə təşkil olunan 17 yaşadək qadınlardan ibarət komandalar arasında dünya çempionatı zamanı   sizin klubun bazasından da istifadə olunub. 2016-cı ildə 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatı və Avro-2020 zamanı bu bazadan istifadə olunacaq…

– 2012-ci ildəki dünya çempionatından sonra FİFA-nın prezidenti Yozef Blatter Moskvada çıxışı zamanı demişdi ki, “futbol çempionatının təşklini Azərcaycandan öyrənin”. Blatter xüsusi şəkildə müsəlman ölkəsi olduğumuzu və qadınlararası dünya çempionatını yüksək səviyyədə təşkil etdiyimizi qeyd etmişdi. Əlbəttə, ölkə rəhbərliyi başda olmaqla, AFFA rəhbərliyinin gördüyü işlər yüksək qiymətləndirilmişdi. Bizim baza həmin zaman “back raound” rolunu oynadı. Məşqlərin böyük əksəriyyəti bizim bazada keçdi. Həmin ərəfədə Nyu Yorkda idim. Hansı kanalı açırdımsa, “Bakı”nın bazasını göstərirdilər. Özümə də xoş gəlirdi, qürur duyurdum. Hətta klub infrastrukturunu sürətli inkişaf etdirən klub kimi EKA (European Club Association) tərəfindən medalla da təltif olunmuşuq. Bizim baza Azərbaycanda təşkil olunan hər bir çempionat zamanı lazım olan xidməti göstərməyə hazırdır. Bunun üçün bazanın ikinci mərhələ tikintisi nəzərdə tutulub. Süni yaranmış “default” nəticəsində 9 ay, 1 il yubandıq. Yenidən bərpa edib bazanın ikinci mərhələsinin tikintisinə başlayacağıq. “Bakı” futbol klubunun bazası təriflənirsə, bundan sonra ikiqat tərifə layiq görüləcək. Əlbəttə, bu mənada AFFA-nın köməyinə ehtiyacımız var. AFFA rəhbərliyi isə bizə çox kömək edir. Klubun vitse-prezidenti Yaşar Seyidov hər zaman AFFA ilə ünsiyyətdədir. Qurumun prezidenti və  baş katib səviyyəsində “Bakı”ya qarşı böyük dəstək görürük. Həmin maliyyə çətinliyi durumunda da AFFA bizə çox yardım əlini uzatdı.

 – Jaba kimi bir futbolçunun belə bir vaxtda komandaya qayıtması sizə mənəvi bir dəstək oldumu?

– Mən problemin bu qədər – 9 ay davam edəcəyini gözləmirdim. Düşünürdüm ki, 3-4 ay çəkər və bitər. Ancaq müəyyən səbəblərə görə bu prosses uzandı. Ancaq belə bir vaxtda  Jaba kimi bir oyunçunun “Bakı” klubuna kömək etmək üçün can atması, əlbəttə, adamı sevindirir. Mətbuatdan da oxuyurdum, istər klubda, istərsə də holdinqdə bəzi adamlar deyidilər ki, 1 il də maaş almasaq, qalıb işləyəcəyik. Həmçinin Jaba. Heç bir vəsait isətəmədən gəlib oynamağa razılıq verdi.

- Bu il klubunuzun 10 illik yubileyidir. Bu 10 il müddətdinə həm əsas, həm də uşaq futbolunda xeyli uğurlar qazanmısınız. Yubiley ilini təntənəli şəkildə qeyd etməyi düşünürsünüzmü?

– Əlbəttə. Yubiley ilinin qeyd olunması ilə əlaqədar lazımi tədbirlər təşkil edəcək komissiya yaradacağıq. Məqsədimiz var ki, 10 illik yubileyi yüksək səviyyədə keçirək. Müəyyən planlarımız var. İndidən açıqlamaq istəmirəm. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat verəcəyik.  Yubiley tədbiri çərçivəsində xaricdən 3-4 klub dəvət edib burada yoldaşlıq görüşləri təşkil etmək istəyirik.

 – “Bakı” idman mətbuatı ilə sıx əlaqədə olan komandalardan olub. Bundan sonra da idman mətbuatına dəstək olacaqsınızmı?

–  Açığı bəzi mətbu orqanları, bəzi jurnalistlər reketçiliklə məşğuldur. Ancaq etiraf edim ki, mərd jurnalistlər də az deyil. Onlar ağır günümüzdə bizə dəstək oldular. Təmanna güdmədən “Bakı” dan yalan məlumat yazmadılar. Həmin mətbuat nümayəndələrinə təşəkkür edirəm. Mətbuata dəstək verməyə həmişə hazırıq və sağlam rəqabət aparan mətbuata dəstəyimizi davam etdirəcəyik. Bu vəziyyətə düşməyimiz jurnalistikada, futbolda, həyatda, işdə dostumuzu-düşmənimizi bizə tanıtdı.

 

  • Share on Tumblr