“Bakı Marafonu 2017”də rekord sayda iştirakçı gözlənilir
07 Aprel 2017 19:42

Aprelin 7-də “Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.

Sportpress.az xəbər verir ki, mətbuat konfransında aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə məlumat verilib.

Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilən layihənin icraçısı “Sport Marketing Group” (SMG) şirkətidir.

Marafon barədə “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib. Bildirib ki, marafonda iştirak üçün aprelin 7-dək 6385 nəfər qeydiyyatdan keçib. Qeydiyyat prosesi fevralın 10-dan başlayıb və aprelin 20-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs – Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilərlər.

Qeyd olunub ki, qeydiyyat məntəqələri “28 Mall”, “Port Baku Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olur. Onlayn qeydiyyatdan keçmək istəyənlər isə “Bakı Marafonu 2017”nin saytına müraciət edə bilərlər.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdır. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı heç bir ödəniş etmirlər.

Diqqətə çatdırılıb ki, marafona fəxri iştirakçılar da dəvət olunub, onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da olacaq.

“Bakı Marafonu 2017”nin Təşkilat Komitəsi marafona qoşulanlar üçün həftədə iki dəfə pulsuz təlim-məşq təşkil edir. Hər həftənin şənbə günü qapalı (“Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında), bazar günü isə açıq hava (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında) təlimləri keçirilir. Marafon iştirakçıları məşqlərdə “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədovla birlikdə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə qaçışa necə hazırlaşmalı olduqlarını öyrənirlər.

Marafonda iştirak üçün qeydiyyatdan keçən şəxslər hər həftənin şənbə-bazar günləri keçirilən məşqlərdə iştirak edə bilərlər.

Aprelin 30-da keçiriləcək marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur.

“Bakı Marafonu 2017” yarışında qaliblərin mükafatlandırılması iki kateqoriyada – kişi və qadınlar üzrə aparılacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 manat, 2-ci yerin sahibi 2000 manat, 3-cü yer tutan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək. 7-ci və 8-ci yerlərin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerlərin sahiblərinə isə 100 manatlıq hədiyyə kuponu veriləcək.

“Bakı Marafonu 2017”nin tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo” şirkətləri, “GoSport” idman malları mağazasıdır.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi ilk marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi, İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri qoşulmuşdu. Yarışda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər dövlətlərdən iştirak edənlər olub.

Daha sonra “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov yarış barədə təəssüratlarını bölüşüb.

Qeyd edək ki, “Bakı Marafonu 2017”dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

 

  • Share on Tumblr