21 ölkənin gimnastları Bakıya toplaşır
08 Aprel 2017 10:41

8-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək.

Sportpress.az xəbər verir ki, dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan  34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, İlk Avropa Oyunlarının gümüş, Avropa Çempionatının  bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa Çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa Çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda

Aleksandra Soldatova (Rusiya) – 2 qat Dünya Çempionu və Avropa Çempionu;

Zelikman Nikol (İsrail) – Avropa Çempionatının bürünc  mükafatçısı;

Qrup hərəkətləri komandaları:

Rusiya – Olimpiya Oyunlarının qızıl medalçısı;

İspaniya – Olimpiya Oyunlarının gümüş medalçısı;

Bolqarıstan – Olimpiya Oyunlarının bürünc medalçısı;

Belarus –  Dünya Çempionatının bürünc mükafatçıları iştirak edəcəklər.

Turnirə biletləri Arenanın kassasından, “Bazarstore” mağazalar şəbəkəsinin Xətai və  “28 mall” filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti təsnifat günləri üçün 5, 8, 12, final günləri üçün isə 10, 15, 20 manat təşkil edir.

 

  • Share on Tumblr