Robert Prosineçki: “Əgər məğlub olmasaq, Azərbaycan, yaxşı mənada, partlayacaq”
23 Mart 2017 12:46

Sportpress.az Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Almaniyanın Kicker jurnalının bu günkü sayındakı müsahibəsini təqdim edir.

– Azərbaycan komandası Şimali İrlandiya ilə birlikdə dünya çempionatının seçmə mərhələsində Almaniyanın ən yaxın izləyicisidir. Cənab Prosineçki, bu, reallığı əks etdirir, yoxsa bir təsadüfdür?
– Elə olur ki, belə fürsət əlinə bir dəfə düşür. Vəsiqə qazanmaq yolunda artıq 7 xalımız var. Amma reallığı da görməliyik. Digər ölkələrin oyunçularının harada oynadıqlarına baxsaq və bunu bizimlə müqayisə etsək, Rusiya-2018-ə çıxmağımız qeyri-mümkündür. Əsas odur ki, futbolçuların etibarını qazanmışam və biz artıq kiçik uğura da imza atmışıq. İndi Almaniya ilə qarşılaşma bizim üçün ən asan oyundur.

– Nə üçün?
– Almaniya həmişə favoritdir. İstər seçmə mərhələ olsun, istərsə də final turniri. Biz yalnız mübarizə aparmağa, bacardığımızı maksimum dərəcədə etməyə çalışmalıyıq. Üçüncü ildir ki, buradayam və inkişaf göz qabağındadır. Bəs bu kifayətdirmi? Fikrimcə, Azərbaycanın final mərhələsinə çıxması üçün uzun yol qət etməliyik. Amma futbolda hər şey mümkündür.

– Almaniya ilə oyunda sürpriz mümkündürmü?
– Buna həmişə ümid etməliyik, amma Almaniyaya qarşı oynamaq çox çətindir. Onlar seçmə turnirdə bütün oyunlarını 3:0 və daha böyük hesabla udublar (Burada Prosineçki səhv edir, almanlar Şimali İrlandiyaya 2:0 hesabıyla qalib gəliblər – R.M.). Almaniya komandası, Fransadakı Avropa çempionatı ilə müqayisədə, indi daha güclüdürlər. Burada hamı dünya çempionlarını görmək istəyir, stadion tam dolacaq. Ölkə üçün bir tamaşa olacaq.

– Cəmi 2 qolla 7 xal toplamısınız. Komandanızı müdafiəyə meylli adlandırmaq olar?
– Xeyr, vəziyyət belə alınıb. San Marinoda fərqlənmək şansımız çox olsa da, imkanlardan istifadə edə bilmədik. Norveç çoxlu legioneri olan güclü rəqib idi. Ən yaxşı oyunumuzu Çexiyada oynadıq və 0:0 hesablı heç-heçəyə imza atdıq.

– Ötən ilin noyabrındasa Belfastda Şimali İrlandiyaya 0:4 hesabıyla açıq-aşkar məğlub oldunuz.
– Xeyr, sadəcə standart vəziyyətlərlə bağlı problemlərimiz var. Toplardan üçünü məhz standartdan buraxdıq. Amma bilirik ki, hələ bu səviyyəyə çatmamışıq. Hələ çox çalışmalıyıq. İndi qarşıda 3 ev oyunumuz var – Almaniya ilə qarşılaşmanı hesaba almıram.

– Dünya çempionları ilə oyunda da belə bir faciənin baş verəcəyindən qorxursunuzmu?
– Almanlarla oyunda hər şey ola bilər! Onlar dünya çempionatında Braziliya kimi komandaya 7 qol vurublar!

– Bəlkə əsas məqsədiniz bu seçmə turnirdə dünya çempionlarının qapısına ən azı ilk qolu vurmaqdır?
– Bu, əla olardı. Amma çətin məsələdir. İstənilən halda, nəsə etməyə çalışacağıq. Bəlkə rəqib oyunçuların diqqətindən yayınıb təhlükəli əks hücumlara keçə bildik. Amma Almaniya həmişə öz işinə peşəkarcasına yanaşır. İstədikləri nəticəyə nail ola bilirlər.

– Azərbaycanda pul və idman ambisiyası var. Bəzən komandanıza qarşı olan gözləntiləri, necə deyərlər, boğmaq məcburiyyətində qalırsınız?
– Bilirsinizmi, mən gəlməmişdən əvvəl futboldan çox danışılmırdı. Əsasən ona görə ki, nəticələr yox idi. Amma indi vəziyyət fərqlidir, bizim 7 xalımız var və hamı eyforiyaya qapılıb. Əksər azarkeşlər artıq Rusiyadakı final mərhələsinə çıxdığımızı düşünür. Amma biz hələ orada deyilik.

– Sizdən əvvəlki baş məşqçi Berti Foqtsun gördüyü hansı işlərdən faydalana bilirsiniz?
– Berti burada yaxşı işlər görüb. Azərbaycanda yeddi il çalışıb və yaxşı nəticələri olub. O, müdafiə baxımından çox iş görüb və bundan yararlana bilərəm. Amma biz həmçinin hücum barədə də düşünməliyik. Mən oynamağı bacaran komanda qurmaq istəyirəm. Biz artıq inkişafa nail olmuşuq.

– Almaniyanın ikinci divizionunda çıxış edən “Erzgebirge Aue” komandasının üzvü Dmitri Nazarov sizin üçün nə dərəcədə vacib oyunçudur?
– O, yaxşı oyunçudur və mən bura gələndə “Karlsruher SC” klubunda çıxış edirdi. Düşünürdüm ki, daha yaxşı kluba keçə bilər. Yaxşı yarımmüdafiəçidir, yaxşı zərbələri var, cərimə zərbələrini yaxşı yerinə yetirir. Bizim üçün vacib oyunçudur.

– Komandanızda legioner futbolçuların azlığı da sizin üçün maneədirmi?
– Əlbəttə, amma təkcə bu deyil. Çempionatda da cəmi iki komanda – “Qarabağ” və “Qəbələ” çempionluq uğrunda mübarizə aparır. Rəqabətin güclü olmaması da bizim üçün problemdir. Millinin futbolçuları, əsasən, ən yaxşı klublarda oynayırlar və klublarını dəyişmək fikirləri yoxdur. Yaxşı qazanırlar. Hər halda qeyd etdiyim iki klub mütəmadi Avropa Liqasında çıxış edir, amma növbəti mərhələyə çıxa bilmir.

– Azərbaycan hazırda FIFA-nın reytinqində 89-cu yerdədir. Bununla dünya çempionatının final mərhələsinə çıxmağa ümid etmək olarmı?
– Mən işə başlayanda biz 135-ci idik. İrəliyə doğru böyük addım atmışıq. Bu inanılmazdır.

– 89-cu yerə yüksəldiyiniz kimi, final turnirinə də yüksəlməyiniz mümkündürmü?
– Əlbəttə, hamı bunu istəyir. Bir məşqçi kimi, bunu bacaracağımızı deyə bilərəm. Amma çətin işdir və sonadək də belə olacaq.

– Siz vaxtilə dünyanın ən yaxşı futbolçularından biri olmusunuz. İstedad baxımından sizdən zəif olan oyunçuları çalışdırmaq çətin deyil ki?
– Karyeranızı başa vurandan sonra futbolçu kimi düşünməməlisiniz. Heç vaxt fikirləşməməlisiniz ki, bu və ya digər hərəkəti özünüzün necə edərdiniz. Bəzi oyunçuların bacarığının yüksək səviyyədə olmadığını bilməlisiniz. Çünki daha az istedadlı oyunçularla da işləmək məcburiyyətində qalırsınız və bu asan məsələ deyil.

– Siz baş məşqçi kimi “Srvena Zvezda” və “Kayserispor”da işləmisiniz, indi də Azərbaycan millisində çalışırsınız. Daha böyük komandaların məşqçisi olmaq kimi hədəfləriniz varmı?
– Hamının ambisiyaları var. Bir peşəkar mütəxəssis kimi ən yaxşı komandalarda çalışmaq istərdim. Bu normaldır. Təbii ki, bir məşqçi kimi inkişaf etmək istəyirəm. Avropanın aparıcı liqaları barədə düşünürəm. Amma baxarıq, bu, menecerimin işidir. Heç Azərbaycanda çalışacağım da ağlıma gəlməzdi.

– Yeniyetmə vaxtlarınızda Almaniyada “Stuttgarter Kickers” komandasında oynamısınız. Bu klubla əlaqələriniz varmı?
– Ailəm Almaniyada yaşayırdı. Nürtingendə. Sonra anam məni Dagerloxa apardı və mən o klubda 6 yaşımdan 10 yaşıma kimi çıxış etdim. Sonra biz Yuqoslaviyaya köçdük və “Dinamo Zaqreb”də oynamağa başladım. İndi “Stuttgarter Kickers”lə heç bir əlaqəm yoxdur, amma komandanın nəticələrini izləyirəm.

– Almaniyada işləməyi xəyal edirsinizmi?
– Bundesliqa çox maraqlıdır. Hamı orada işləmək istəyər. Böyük klublar var və onların lap çox azarkeşi var. Almaniyada futbolu sevirlər, İngiltərə və ya İspaniyada olduğu kimi. Əlbəttə, nəyisə hədəfləyə bilərsiniz, amma nə olacağını əvvəlcədən bilmək olmaz. Onu da deyim ki, mən alman dilini unutmamışam.

– Almaniya ilə oyunda hansı nəticə sizi qane edər?
– Əgər məğlub olmasaq, Azərbaycan, yaxşı mənada, partlayacaq. Amma, sözün düzü, bu bizim üçün çox çətin işdir. Adətən Almaniya gəlir və işini peşəkarcasına həll edir. Bəxtimiz gətirə, bizim üçün uğurlu, Almaniya üçün uğursuz gün ola bilər və nəticədə heç-heçə qeydə alınar. Amma mən həmişə realistəm. Desəm ki, biz qalib gələcəyik, o zaman qapımızdan 5 top da buraxa bilərik. Ən yaxşı o olardı ki, almanlar oyundan sonra belə deyərdilər: “Bizim üçün çox çətin oldu”.

  • Share on Tumblr