Qurban Qurbanov: “O, Ermәnistanla oyunda geydiyi formanı mәnә verdi”
27 May 2016 21:30

“Qarabağ”ın baş mәşqçisi Qurban Qurbanov “CBC Sport”da gedәn “Üçüncü hissә” verilişinin qonağı olub.

Sportpress.az xəbər verir ki,  o, bir çox maraqlı mәqamlara toxunub.

Qurbanov “Xәzәr Lәnkәran”ın bugünkü durumu haqqında fikirlәrini bölüşüb:

“”Xәzәr Lәnkәran”a hәmişә hörmәtlә yanaşmışam. Çünki onların Azәrbaycan futboluna xidmәti az deyil. Möhtәşәm azarkeşlәri var. Onlar uğura layiqdirlәr. Sadәcә son illәr klub getdikcә zәiflәyirdi. Sәhv etmirәmsә, bu mövsüm 16 oyun qalib gәlә bilmәdilәr. Bu, çox pis göstәricidir. Onlara uğur yaraşır”.

Mütәxәssis Samuel Armenterosun gedişindәn danışıb:

“Onunla yollarımızı ayırdıq. Armenteros bura gәlәrkәn onunla 1+1 illik müqavilә imzalamışdıq. Yәni, hәr iki tәrәfin razılığı olduğu halda müqavilә uzadılacaqdı. Amma belә olmadı. Onun komandamıza xeyri çox oldu. Sadәcә bәzi istәdiyimiz keyfiyyәtlәri onda tapmadıq. Bu sәbәbdәn dә ayrılmaq lazım idi”.

Qurbanov komandadakı hücumçu probleminә belә münasibәt bildirib:

“Hansı mәşqçidәn soruşsanız, hücumçu baxımından әziyyәt çәkir. Bu, bütün dünyada var. Çünki hәr futbolçu tez adaptasiya ola bilmir. Mәsәlәn, Raydell Pupon Azәrbaycana öyrәşә bilmәdi. Getdi Hollandiyada yaxşı oyun göstәrir”.

Ağdamlıların çalışdırıcısı icarәdә olan futbolçularının qayıtması haqqında isә bunları deyib:

“Tәrlan Quliyev komandadan getdi. O, “İnter”lә müqavilә imzaladı. Şәhriyar Әliyev “Kәpәz”dә qalacaq böyük ehtimalla. Vüqar Mustafayev dә “Zirә”dә oynaya bilәr. Namiq Әlәsgәrovu isә heyәtә qaytardıq. Tәlim-mәşq toplanışında bizimlә olacaq”.

Qurbanov iyunun 10-da Fransada başlayacaq Avropa Çempionatında Albaniya millisinә azarkeşlik edәcәyini bildirib:

“Ansi peşәkar futbolçudur. Heç zaman görmәmişәm ki, mәşqә könülsüz gәlsin. Avropa Çempionatında oynamaq ona nәsib olacaq. Özüm dә Albaniya millisinә, Ansiyә azarkeşlik edәcәm. Ansi bir dәfә Ermәnistanla oyuna getmişdi. Hәmin oyunda oynadığı formanı mәnә hәdiyyә etdi. Evdә saxlayıram”.

Mütәxәssis mövsümün әn yaxşı futbolçularının da adlarını çәkib: “Aleksey Qay, Riçard Almeyda vә Dani Kintana mәnә görә mövsümü yaxşı keçirdilәr. Başqa futbolçuların da adlarını çәkmәk olar. Kim yadımdan çıxıbsa, üzürlü hesab elәsin”.

(Qafqazinfo)

 

  • Share on Tumblr


Oxşar xəbərlər