Fernando Alonso: “Bakının yoxuşlu yolları pilotlar üçün asan olmayacaq”
08 Mart 2016 14:16

Bu gün “Formula 1″ üzrə ikiqat dünya çempionu, Avropa Qran-Prisinin 3 qat qalibi “McLaren Honda” komandasının heyətində çıxış edən Fernando Alonso Bakıda mətbuat konfransı keçirib.

Sportpress.az “Report”a istinadən yaydığı xəbərə görə, ispaniyalı pilot “Formula 1″in ən yeni şəhər treki olan Bakı Şəhər Halqası və trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olub.

“Burada olmaqdan böyük məmnunluq hissi keçirirəm. Avropa Qran-Prisində 3 dəfə və sonuncu dəfə Berlində qalib gəlmişəm. Səfir kimi Bakıda iştirak etmək mənim üçün çox vacibdir. Azərbaycanda ilk dəfə belə yarış olacaq. Bütün həmkarlarım adından demək istəyirəm ki, burada sürətli yürüşə çıxmaqdan məmnun olacağıq. Çox zaman bu yarışları televiziya vasitəsilə izləyirsiz. Ancaq canlı gördükdə, tam başqa hisslər keçirirsiz. Bakıda bununla bağlı gözəl infrastruktur var. Trasla tanış olmuşam. Hər birinizə demək istərdim ki, iyunda gözəl yarışa şahidlik edəcəksiz” deyə məşhur pilot qeyd edib.

Daha sonra pilot jurnalistlərin suallarını cavablandırıb:

– Avropa Qran-Prisində ən çox qələbə qazanan pilotsuz. Bir çox yarışlarda çətinliklə qalib gəldiniz. 2012-ci ildə Valensiyada yarışda 11-ci sırada start götürdünüz, amma qalib gəldiniz…

– Bəli, 11-ci sırada başladım. Amma vətənimdə – İspaniyada qalib gəlmək lazım idi. Bəlkə də bu ənənədir ki, Avropa Qran-Prisinin son iki dövrəsində nəsə baş verir. Ona görə də qalibin kim olması sual altındadır. Fikrimcə, Bakıda da bu hadisələr olacaq. Bazar günü xeyli sayda maşın olacaq. Bakı gözəl şəhərdir. Yarışın keçiriləcəyi vaxt da çox gözəldir. İnsanlar üçün xoş ab-hava olacaq.

– “Formula 1″ sürücüsü kimi sizi trasın hansı hissəsi qane etdi?

– Maşınları düzgün quraşdırmaq lazımdır. Burada uzun zolaq var ki, sürəti maksimuma qədər artırmaq və birdən-birə döngəyə keçmək lazımdır. Fikrimcə, ən sürətli döngələr pilotlara problem yaradacaq. Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu, asan olmayacaq. Sürətli yol da var ki, orada 340 km/saata qədər sürətlənə bilərik.

– Artıq yeni mövsümün test yürüşləri başlayıb. “McLaren”in mühərriki daha dözümlüdür. Bəs sürət baxımından necə?

– Sınaqlar son iki həftə ərzində baş tutub. Heyətimiz son 3-4 ay ərzində böyük iş görüb. Ötən il bəzi problemləri həll etdik. Bunlar da maşının etibarlılığı ilə bağlıdır. Ancaq heyət bir sıra məsələləri təkmilləşdirib. Ən azından bilməliyik ki, mövqemiz nə olacaq. Ötən il böyük məhdudiyyətlər var. Bunlar da sürmə qabiliyyətini o qədər artıra bilmirdi. Bu il daha yaxşı çıxış edəcəyik. Bir neçə yarışdan sonra Bakıya sürətlə gələ biləcəyik.

– Səfir seçilməyiniz məsuliyyətinizi ikiqat artırmır?

– Hər birimiz çalışırıq ki, idmanımızı tanıdaq. Azərbaycanda ilk dəfə keçiriləcək bu yarışda vacib məsələ insanlara “Formula 1″-in məğzini anlatmaqdır. Zənnimcə, bu yarışı bəyənəcəklər.

– Sizin çoxlu fanatınız var. Sizin kumiriniz kimdir?

– Uşaqlıqdan futbola baxmışam. Məşhur idmançılara pərəstiş etmişəm. Zinəddin Zidanı çox izləyirdim. Bundan başqa, basketbolçu Maykl Cordanı izləyirdim. Hər zaman mənim də qibtə etdiyim məşhur idmançılar olub. Uşaqlar “Formula 1″i sevirlər. Bəlkə özləri də pilot olmaq istəyirlər?! Onları həvəsləndirə bilsəm, bu, mənim üçün böyük uğur olar.

– Karyeranızı bitirməzdən əvvəl hansı komandada iştirak etmək istərdiniz?

– “Formula 1″lə vidalaşdıqdan sonra bu yarışa əlvida deyəcəm. 3 yaşımdan başlamışam və indi də 34 yaşım var. 31 il yetərli dövrdür. 19 yaşımdan peşəkar pilot kimi çıxış etmişəm. Ancaq bu sürət xoşuma gəlir. Yaşadığım ərazidə gələcəyin pilotlarını yetişdirmək istərdim.

– Simulatorları sınaqdan keçirmisiniz?

– Simulatorlar hələ olmayıb. Döngələrə baxmışam. Proqram yaxşı qurulub, çevrə maraqlıdır. Yarışdan 2-3 həftə əvvəl “Mclaren”in zavoduna baş vuracam.

– Trasın bəzi hissələri qədim abidələrin yanından keçir. Maşınlar nə dərəcədə Qala divarlarına təsir edə bilər?

– Bu təşkilatçılara aid olan məsələdir. Ancaq fikrimcə, heç bir təsir etməyəcək və təsir dərəcəsi sıfıra bərabərdir. Hər şey gözəl təşkil edilir.

  • Share on Tumblr


Oxşar xəbərlər