Respublika Stadionunun ot örtüyü dəyişdirilir
08 Mart 2016 02:55

Tofiq Bəhramov adına Respublika Stadionunun torpaq qatı və ot örtüyü dəyişdirilir. Stadionun ot örtüyü ilə bağlı ötən ilin avqustundan yaranmış problem nəticəsində UEFA Avropa Liqası çərçivəsində nəzərdə tutulan görüşlərin bu arenada oynanılmamasına qərar verilmişdi. Avrokubok oyunlarından sonra torpaq qatı nümunələri laboratoriyaya göndərilib və aparılan analizlər nəticəsində müəyyən xəstəliklər aşkarlanıb.

Sportpress.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova problemin aradan qaldırılması məqsədilə mütəxəssislərin təkcə ot örtüyünün deyil, torpaq qatının da yenilənməsinə qərar verdiklərini vurğulayıb. Qeyd olunub ki, artıq fevralın sonlarından etibarən torpaq örtüyünün dəyişdirilməsi işlərinə başlanılıb. Bu günədək bölgələrdən təxminən 15 min kubmetr həcmində torpaq gətirilib. İşin icrası yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev bildirib ki, torpağın alt qatı Lənkəran, üst qatı isə Mingəçevir bölgəsindən gətirilib. Bir-iki həftə ərzində xüsusi texnika ilə torpaq qatının yayılması, hamarlanması və müvafiq qayda ilə cərgələnməsi işləri görüləcək. Hollandiyadan gətirilən toxumların səpilməsi işlərinə martın 22-dən sonra başlanacaq. Meydançada ot örtüyünün yaranması 40-45 günə başa gələcək. Lakin ot örtüyünün tam hazır olması üçün əlavə bir neçə həftə lazımdır. Buna görə də mayda respublikamızda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının qarşılaşmaları bu arenada baş tutmayacaq. Stadion qapılarını iyulun əvvəlində avropakubok oyunlarında idmansevərlərin üzünə açacaq.

  • Share on Tumblr


Oxşar xəbərlər