Kazbek Tuayev: “Neftçi”nin əcnəbi məşqçi axtarışı düzgün deyil”
04 Dekabr 2015 20:37

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarından danışıb, “Neftçi”nin əcnəbi məşqçi axtarışına münasibət bildirib. Sportpress.az müsahibəni təqdim edir.

– “Qarabağ”ın qrupdan çıxmaq şanslarını necə qiymətləndirərdiniz?
– Onların bu qrupdan çıxmasını çox istəyirəm. Komandamız Belçikada “Anderlext”ə qarşı dişini göstərməlidir. Bu komandaya səfərdə qalib gələ bilərik. “Monako”, “Anderlext” elə də qorxulu rəqiblər deyil. Yaxşı şansımız var.

– Əsgər Abdullayevin gəlişindən sonra “Neftçi” uğurlu çıxış etməyə başlayıb…
– Klub rəhbərliyinin Samir Əliyevi postundan niyə uzaqlaşdırdığının səbəbini bilmirəm. Gənc mütəxəssisə qarşı elə etmək olmaz. Abdullayevə gəlincə, o, təcrübəli mütəxəssisdir. Komanda nəticə verməyə başlayıb. Onların Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”a qarşı oyununu izlədim. Xeyli həzz aldım. Çoxdan idi bu qədər gülməmişdim. Mənə elə gəlir ki, yerli məşqçilər klublarda möhkəmlənməlidirlər. Çünki hamı görür ki, yerli məşqçilərə şans veriləndə, onlar gec-tez özlərini göstərirlər.

– Amma “Neftçi” rəhbərliyi yeni baş məşqçi axtarır, həm də əcnəbi mütəxəssis…
– Bu, düzgün deyil və çox pisdir. Ümumiyyətlə, Əsgər Abdullayev yerinə başqa məşqçi axtarıldığını bilə-bilə özünü necə hiss etməlidir? Digər komandalara da hörmətim var. Amma “Neftçi” elə bir klubdur ki, hər mövsüm nəticə verməyə borcludur, birinci yerə oynamalıdır. “Qaradağ Lökbatan” üzərindəki qələbədən sonra Əsgər Abdullayevə zəng edib, onu təbrik etdim (gülür).

– Birinci divizionun ikinci komandasının elita təmsilçisinə 8 cavabsız qolla uduzması sizə qəribə gəlmir?
– Burada qorxulu heç nə yoxdur. “Qaradağ Lökbatan” normal, təşkilatlanmış komandadır. Orada yaxşı uşaqlar çıxış edirlər.

– Son dövrlər veteran futbolçularımızın müxtəlif klubların Müşahidə Şurasında yer almasına münasibətiniz necədir?
– Buna çox sevinirəm. AFFA-nın təşəbbüsünü tam dəstəkləyirəm. Veteranlar pis məsləhətlər verməzlər. Futbolumuz bundan ancaq qazanmış olacaq. Məsələn, “Turan Tovuz”un Müşahidə Şurasında yer alan Oqtay Abdullayevə baxın. Təcrübəli mütəxəssisdir. O, şübhəsiz ki, Tovuz futbolunun inkişafına öz töhfəsini verəcək.

Azerisport

  • Share on Tumblr