Kamran Ağayev: “Hələ Azərbaycana qayıtmağı düşünmürəm”
09 Noyabr 2015 13:35

Sportpress.az Azərbaycan yığmasının və Türkiyənin “Karşıyaka” klubunun qapıçısı Kamran Ağayevin müsahibəsini təqdim edir.

- “Karşıyaka”nın heyətində keçirdiyiniz ilk derbi matçı barədə nə deyə bilərsiniz?
– Çətin oyun alındı. “Göztəpə”nin azlıqda qalması vəziyyəti daha da çətinləşdirdi. Çünki 25-ci dəqiqədən sonra onlar tam olaraq müdafiəyə çəkildilər və əks-hücumlara bel bağlamağa başladılar. Amma son dəqiqələrdə də olsa, qələbəni təmin edə bildik.

- Siz də qapınızı toxunulmaz saxlamağı bacardınız…
– Bu, sevindirici olsa da, vacib deyil. Əsas komandanın qələbə qazanmasıdır. Mən hər oyunda 9 qol da buraxmağa razıyam, amma bir şərtlə ki, mənim komandam ondan artığını vurub, qələbə qazansın. Çünki mən komandanın üzvüyəm və özüm üçün oynamıram.

- Bu qələbə sizin turnir cədvəlindəki mövqeyinizi elə də yaxşılaşdırmadı…
– Turnir cədvəlində komandaların xal ehtiyatları arasında ciddi fərq olmadığını nəzərə alsaq, vəziyyət heç də pis deyil. Düzdür, mövsümə o qədər də yaxşı başlamadıq. Amma qarşıdakı turlarda hər şeyi yaxşıya doğru dəyişə bilərik. Derbidəki qələbədən sonra komandadakı ab-hava da yaxşılaşıb.

- İstanbul derbilərindən sonra ən prinsipiallardan sayılan İzmir derbisi barədə nə deyə bilərsiniz?
– Mən özümü burada kənar hiss etmirəm. Belə derbilərə alışmışam. Çünki “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı derbilərdə dəfələrlə iştirak etmişəm. Ona görə də bu derbiyə də asanlıqla alışdım.

- “Neftçi”yə keçəcəyinizə dair xəbərlər yayılıb…
– Düzünü desəm, hələ qayıtmaq barədə düşünmürəm. “Karşıyaka”nın futbolçusuyam. Burada indi çempionat gedir. Gələcəkdə isə hər şey ola bilər.

- Deməli, sizinlə maraqlanan var?
– Bu işlərlə menecerim məşğul olur. Mənə burada yaxşıdır. Azərbaycanın pis olduğunu demirəm. Sadəcə, Türkiyədə oynamaq istəyirəm.

- Moldova ilə yoxlama oyunu keçirəcək Azərbaycan yığmasına nə vaxt qoşulmağı planlaşdırırsınız?
– Ayın 10-da. Təəssüf ki, seçmə mərhələni məğlub başa vurduq. Halbuki, qələbə ilə də bitirə bilərdik. Moldova ilə oyun yaxşı şansdır.

Azerisport

 

 

  • Share on Tumblr


Oxşar xəbərlər