Rəşad Sadıqov: “Pley-offa çıxmaq üçün sonadək mübarizə aparacağıq”
06 Noyabr 2015 01:15

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa “Monako”suna qarşı keçirilmiş oyundan (1:1) sonra bir sıra sualları cavablandırıb. Sportpress.az təcrübəli müdafiəçinin fikirlərini təqdim edir.

- Oyunla bağlı nə deyə bilərsiniz?
– Bu gün demək olar ki, bərabər gücə malik, oxşar futbol sərgiləyən iki komanda qarşılaşdı. Biz yaxşı mübarizə apardıq, əlimizdən gələni etdik. Buraxılan qol epizodunda bəxtimiz gətirmədi. Bu, təbii ki, bir qədər üzücü məqamdır.

- Buraxılan qoldan sonra sanki, həvəsdən düşdünüz…
– Belə düşünmürəm. Biz yenə hücumlarımızı davam etdirdik. Son 10 dəqiqədə xüsusilə fəal olduq. Sadəcə, “Monako” kimi güclü müdafiə xəttinə malik komandanın arxa xəttini yarmaq heç də asan deyil.

- “Qarabağ”ın bu gün “Monako”dan daha yaxşı oynadığını demək olar?
– Fikrimcə, bərabər səviyyəli oyun oldu. Biz Monakoda da qələbə və xal qazana bilərdik. Buna yalnız Bakıda nail ola bildik. Buna da şükür.

- Qazonun vəziyyəti oyuna heç bir təsir göstərmədi?
– Xeyr, qazon normal idi.

- “Monako”nun futbolçuları hakimdən narazı idilər, tez-tez onu alqışlayırdılar…
– “Monako”nun heyətində xeyli təcrübəli futbolçu çıxış edir. Onlar bu yolla hakimə təzyiq göstərməyə çalışırdılar. Amma hakim də təcrübəli idi, ona görə də belə epizodlara fikir vermirdi.

- “Qarabağ”ın qrupdan çıxmaq şansları barədə nə düşünürsünüz?
– Hələ bu barədə düşünmək tezdir. Biz bu gün qələbə qazanıb, qrupda vəziyyətimizi yaxşılaşdırmaq istəyirdik. Görünür, qismət deyilmiş. Amma pley-offa çıxmaq üçün sonadək mübarizə aparacağıq.

Azərisport

 

  • Share on Tumblr


Oxşar xəbərlər