Rəşad Sadıqov: Monako asanlıqla 2-3 qol vuracağımız rəqiblərdən deyil
29 Oktyabr 2015 20:17

Sportpress.az “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Rəvan”a qarşı keçirilən oyundan sonra verdiyi müsahibəni təqdim edir.

- Oyunla bağlı nə deyə bilərsiniz?
– Çempionatda asan rəqib yoxdur. Ötən turun oyunları da bunu bir daha sübut etdi. “Qarabağ”la “Qəbələ” heç kimin gözləmədiyi halda xallar itirdi. Bu, çempionatımızın necə gərgin keçməsindən xəbər verir. Amma şadam ki, biz bu dəfə istəyimizə çatdıq, qalib gəldik.

- “Qarabağ”ın çempionluq yolundakı əsas rəqibi “Qəbələ” isə yenə də qələbə qazana bilmədi…
– “Qarabağ”la “Qəbələ” nə qədər Avropa Liqasında çıxış edir, onlara çətin olacaq. Məsələn, bizim “Rəvan”la oyunumuz istədiyimiz kimi alınmadı. O qədər də yaxşı oynamadıq, amma 3 xal qazandıq. Belə bir qrafikdə xal və xallar qazanmaq çox vacibdir. Üç gündən bir oyuna çıxmaq çətindir. Heyət daim dəyişir. Bütün bunlar oyunumuza təsirsiz ötüşmür.

- “Sumqayıt”la oyundan fərqli, “Qarabağ” bu dəfə əsas heyət üzvlərinə daha çox şans vermişdi…
– Avroliqadakı oyundan sonra heyətimizdə həmişə dəyişiklik olur. Çünki yorğunluq olur, futbolçulara istirahət vermək lazım gəlir. Ona görə də məşqçilər korpusu bəzən riskə də əl atmalı olurlar. Zədəli futbolçularımız da var. Heyətimiz genişdir. Bu üzdən məşqçilərin tez-tez heyətdə dəyişiklik etməsini normal qarşılamaq lazımdır.

- Reynaldonun yoxluğunda bütün ümidlər Armenterosa yönəlib. Çünki Pupon ümidləri doğrultmur…
– Pupon “Sumqayıt”a qarşı pis oynamadı. Qol da vura bilərdi. Fikrimcə, o, bir-iki qol vursa, açılacaq, özünə inamı daha da artacaq. Hücumçu üçün qol vurmaq çox vacibdir. Çünki qol vura bilməyəndə stress keçirirlər, hansı səviyyədə olmasından asılı olmayaraq, özlərini inamlı hiss etmirlər. Fikrimcə, Puponla Armenterosun komandamıza faydası dəyəcək.

- Bir həftə sonra “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Monako” ilə oyun gözləyir. Bu görüş öncəsi komandada atmosfer necədir?
– Atmosfer pis deyil. Bu komandaya səfərdə məğub olduq. Artıq cavab görüşünə hazırlaşırıq. Başa düşürük ki, hamı bizdən qələbə gözləyir. Amma belə rəqiblərlə oyunlarda qələbə qazanmaq elə də asan deyil. Monakoda bizim qol vurmaq şanslarımız oldu. Lakin onlardan yararlana bilmədik. Rəqib isə bizim səhvimizdən maksimum yararlanıb, qapımıza yol tapdı. Yaxşı hazırlaşıb, sonadək mübarizə aparacağıq ki, qələbə qazanaq. Allah eləsin ki, hər şey yaxşı olsun.

- “Monako” ilə oyun sizin üçün son şans sayıla bilər? Buna görə komanda üzərində psixoloji təzyiq varmı?
– Biz özümüz də bunları gözəl başa düşürük. İstənilən halda sonadək mübarizə aparacağıq. İstənilən rəqibə qarşı oynamaq olar. Son dövrlər komandamız doğma meydanda keçirdiyi oyunlarda çətinlik çəkir. Səni 30 min insan izləyəndə, ikiqat məsuliyyətli olursan. “Monako” ilə səfər oyununda bir qədər sərbəst oynayırdıq. Amma Bakıdakı oyunda təzyiq hiss olunacaq. Çünki hamı bizdən qələbə gözləyəcək. Komanda da, azarkeşlər də səbrli olmalıdır. “Monako” elə komanda deyil ki, ilk dəqiqələrdən qol vurub, matçın gedişində fərqi artıraq. Ağıllı və səbrli oynamaq lazımdır.

- Sizcə, “Monako”nun heyətində ən təhlükəli futbolçu kimdir?
– Ən təhlükəlisi Monakoda qol vuran Lasina Traoredir. Mən hələ onu Rusiya çempionatında oynadığı dövrdən xatırlayıram. O, müdafiəçilər üçün əsl başağrısı hesab olunur. Monakoda cəmi bircə səhvə yol verdik, o isə bizim səhvimizdən dərhal yararlanıb, qol vurdu. Belə hücumçuya qarşı oynamaq çətindir. Həmçinin Joao Moutinyo, Bernardo Silva və Stefan Əl Şaaravi də təhlükəlidir. Onlar istənilən vaxt matçda dönüş yarada biləcək gücdədirlər. Ona görə də maksimum diqqətli oynamalıyıq. Səhvə yol versək, bizi cəzalandıracaqlar.

Azerisport

  • Share on Tumblr


Oxşar xəbərlər