“Bu qarşılaşmada hədəfimiz 3 xaldır”
27 Oktyabr 2015 13:30

Topaz Premyer Liqasında I dövrə başa çatıb. Sportpress.az-ın məlumatına görə, IX turda “Zirə” ilə qarşılaşan “Qəbələ” dövrənin son turunda qolsuz heç-heçə ilə kifayətlənib. Bu heç-heçəyə baxmayaraq, komanda turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. I dövrədə 21 futbolçu “qırmızı-qara” forma geyinib ki, onlardan 6-sı bütün qarşılaşmalarda meydana çıxıb. Yalnız bir oyunçu – Elvin Camalov bütün matçları əvəzolunmadan keçirib. Komandanın gənc dayaq yarımmüdafiəçisi son turun görüşü haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. 90 dəqiqə boyu qələbə üçün mübarizə apardıq. Amma təəssüf ki, sonda iki xal itirdik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, qələbə qazanaraq, itirilən xalların əvəzini çıxmalıyıq”.

Camalov I dövrənin yekunu haqda da danışıb: “Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdur. Mövsümün böyük hissəsi hələ irəlidədir. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.

Yarımmüdafiəçi II dövrənin ilk oyunu haqda fikirlərini açıqlayıb. Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib: “Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldır. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

  • Share on Tumblr