Bakıda velosipedçilər və veloturistlər üçün infrastruktur yarana bilər – FOTOLAR
12 Oktyabr 2015 17:49

Hotellər və Restoranlar Assosiasiyasının, həvəskarlardan ibarət “CycleMania” velosiped klubunun və “Baku Guide” jurnalının birgə təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının texniki dəstəyi ilə “Özünü və ətrafı iki təkərlə kəşf et” adlı veloyürüş keçirilib. Sportpress.az-ın məlumatına görə, 35 velosipedçidən ibarət qrup yürüşə Dövlət Bayrağı Meydanından start götürməklə başlayıblar. Velosipedçilər “İntourist” hotelində qısa müddətli dayanacaq edərək, Azneft meydanından “İstiqlaliyyət” küçəsinə çıxıblar və Qoşa Qala Qapısından İcərişəhərə daxil olublar.

Ekskursiya bələdçisinin müşayiəti ilə velosipedçilər Qız Qalasında, Şirvanşahlar Sarayında və Karvansarada olublar. Veloyürüşün finiş nöqtəsi olan “Boulevard” hoteldə isə velosipedçilər və təşkilatçılar tədbirin əsas məqsəd və vəzifələrini açıqlayıblar. Şəhər küçələrində velosipedçilər üçün müvafiq infrastrukturun olmaması, hotellərin, restoranların, turizm obyektlərinin qarşısında velosiped dayanacaqlarının yaradılması əsas müzakirə edilən məsələlərdən olub.

Hotellər və Restoranlar Assosiasiyası tərəfindən təklif edilib ki, yerli və xarici turistlər üçün bir neçə marşrut hazırlansın. Şəhərin tarixi-memarlıq və digər turizm məkanlarını velosipedlə gəzmək istəyən turistlər üçün velosipedlərin alınması istiqamətində hotellər qarşısında stimullaşdırıcı təkliflər hazırlanması da müzakirə edilən məsələlər arasında olub.

Həmçinin təklif edilib ki, Bakı şəhərinin Səbail rayonunun rəhbərliyinə rayon ərazisində pilot layihə olaraq velosipedçilər üçün infrastruktur yarandılması ilə bağlı müraciət ünvanlansın. Çünki məhz bu rayon ərazisində xarici qonaqlar və yerli turistlər arasında populyar olan əksər turizm obyektləri yerləşir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələrinin çıxışı zamanı bildirilib ki, federasiya velosipedçilər tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyir və bu cür tədbirlərin artması ölkədə velosiped mədəniyyətinin formalaşmasında əhəmiyyətli rola malikdir. Tədbirin sonunda veloyürüşün iştirakçılarına diplomlar təqdim edilib.

1 2 3 5 6 8 9 13 14 15 16 17 18 19 20 21

  • Share on Tumblr