Dünya Kubokunun bağlanış mərasimi keçirildi: Bakı Şahmat Olimpiadasının Loqosu təqdim olundu – FOTOLAR
06 Oktyabr 2015 11:24

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Sportpress.az xəbər verir ki, tədbirdə ilk olaraq Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. Nazir bildirib ki, Dünya Kuboku yüksək təşkilatçılıqla yanaşı güzəştsiz mübarizəylə də yadda qalıb: “Biz çox sevinirik ki, qonaqlar Dünya Kubokunda yaradılan şəraitdən razı qaldı. 128 şahmatçının iştirak etdiyi turnirdə güzəştsiz mübarizənin şahidi olduq. Özəlliklə finalda möhtəşəm oyun izlədik. Hamıya məlumdur ki, şahmat Azərbaycanda çox sevilir, bu idman növünə böyük maraq var. Ölkəmizdə şahmatın inkişafının əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. O vaxtları ölkə ərazisində 70-ə yaxın şahmat məktəbi inşa edilib. Hazırda dövlət başçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.

Azad Rəhimov bildirib ki, gənclərin dünyanın aparıcı şahmatçılarının oyununu izləməsi onların gələcək inkişafında böyük rol oynayır: “Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışına böyük marağın olması bizi sevindirir. Oyun günlərindən birində 600-ə yaxın tamaşaçının şahmat oyunlarını izləməsi xüsusi vurğulanmalıdır. Dünya Kuboku və Şahmat Olimpiadası kimi mötəbər yarışları Bakıya həvalə etdikləri üçün FİDE rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanırıq ki, Şahmat Olimpiadası da Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək”.

Sonra çıxış edən FİDE prezidenti Kirsan İlyumjinov Bakıdakı Dünya Kubokunun nəticələr baxımından tarixə düşdüyünü dedi: “Bəzilər şahmatda heç-heçələrin çox olduğunu yazır. Amma Bakıdakı Dünya Kubokunda məhsuldar partiyalar çox oldu. Finalda Sergey Karyakinlə Pyotr Svidler tarixi oyunun qəhrəmanlarına çevrildi. Belə final bəlkə 100 il sonra da təkrarlanmayacaq.Çox yüksək performans izlədik. Karyakinlə Svidlerin görüşünün çoxu məhsuldar oldu. Bu final tarixə düşəcək. Belə yüksək səviyyəli Dünya Kuboku təşkil etdiklərinə görə Azərbaycan Şahmat Federasiyasına, Gənclər və idman Nazirliyinə, Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinə təşəkker edirəm”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov gələn il Şahmat Olimpiadasının da yüksək təşkilatçılıqla fərqlənəcəyini bildirdi. AŞF rəhbəri FİDE ilə əməkdaşlıq barədə məlumat verdi.

Mükafatlandırma mərasimində FİDE prezidenti Dünya Kubokunu yarışın qalibi Sergey Karyakinə təqdim etdi. İkinci yer üçün hazırlanan kubok Pyotr Svidlerə verildi. Reqlamentə əsasən Karyakin həmçinin 96 min dollara sahib çıxdı.

Tədbirin sonunda gələn il sentyabrda Bakıda keçiriləcək Şahmat Olimpiadasının loqosu təqdim olundu. Loqo haqda məlumat verən Bakı Şahmat Olimpiadası və Dünya Kubokunun Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışda 175-ə yaxın ölkənin, 2000-ə yaxın şahmatçının iştirak edəcəyini bildirdi. Onun sözlərinə görə ümumilikdə Bakı 3000-ə yaxın qonaq qəbul edəcək. Şahmat Olimpiadasının loqosunda turnirin keçiriləcəyi Crystal Hall əks olunub. Mahir Məmmədov 2016-cı ildə baş tutacaq Şahmat Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə inandığını qeyd etdi.

Dünya Kubokunun mətbuat xidməti

IMG_8377 IMG_8393 IMG_8405 IMG_8407 IMG_8421 IMG_8450 IMG_8451 IMG_8475 IMG_8484 IMG_8495 IMG_8502 IMG_8507 IMG_8517 IMG_8523 IMG_8533 IMG_8539 IMG_8549 IMG_8554 IMG_8556 IMG_8563 IMG_8565 IMG_8571 IMG_8572 IMG_8576 IMG_8580 IMG_8583 IMG_8584 IMG_8588 IMG_8595 IMG_8600 IMG_8606 IMG_8610 IMG_8624 IMG_8638 IMG_8650 IMG_8656 IMG_8668 IMG_8679 IMG_8709

 

  • Share on Tumblr