Yaşar Vahabzadə: “Oyun sistemində dəyişiklik edə bilərik”
05 Oktyabr 2015 16:54
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandaları ilə oyun ərəfəsində affa.az-a fikirlərini bildirib. Sportpress.az həmin müsahibəni təqdim edir:
- Bir neçə gündən sonra səfərdə Avstriya yığması ilə qarşılaşacaqsınız. Oyunöncəsi komandada vəziyyət necədir?
- Bu gün Avstriyaya yola düşürük. Sabahdan məşqlərə başlayacağıq. Təvəllüdü uyğun gələn və müəyyən mənada fərqlənən futbolçulara dəvət göndərmişik. Çox təəssüf ki, bəzi futbolçular müəyyən səbəblərdən komandaya qoşula bilməyiblər.
- Hansı futbolçuların xidmətindən yararlana bilməyəcəksiniz?
- Əsas heyətin üzvləri – Elşən Abdullayev, Coşqun Diniyev, Orxan Əliyev və Seymur Əsədov zədəli olduqları üçün bizə kömək edə bilməyəcəklər. Həmçinin şəxsi işləri ilə əlaqədar Vüqar Mustafayev Bakıda qalır. Elnur Cəfərov isə əsas millinin düşərgəsinə dəvət olunduğu üçün onun xidmətindən yararlana bilmirik.
- Yığmamız evdə Bakıda keçirdiyi ilk iki oyunda məğlub oldu. Bu məğlubiyyətlərdən sonra futbolçuları psixoloji cəhətdən hazırlamaq istiqamətində hansı işləri görmüsünüz?
- Toplanışımız bu gün başlayır. Qarşıdakı günlərdə futbolçuların hər bir ilə həm fərdi, həm də ümumi söhbətlərimiz olacaq. Həmin məğlubiyyətləri unutmaq lazımdır. Həyat davam edir. Bizi qarşıda daha iki oyun gözləyir. Hər iki oyun çox vacibdir. Hazırlaşmaq lazımdır.
- Avstriya yığması ilə Bakıdakı oyundan əvvəl rəqib haqda geniş məlumatınız yox idi. Artıq rəqibi daha yaxşı tanıdığınızı, güclü və zəif cəhətlərini bildiyinizi demək olarmı?
- Açığı, heyətlə bağlı olan problemlərimiz işimizi xeyli çətinləşdirir. Bu futbolçuların yoxluğu oyunumuza mənfi mənada öz təsirini göstərəcək. Ola bilər ki, oyun sistemində müəyyən dəyişikliklər edək. Rəqibin oyunlarına dəfələrlə baxmışam. Necə futbol oynadıqlarını bilirik. Çalışacağıq ki, onlara qarşı öz oyunumuzu quraq.
  • Share on Tumblr