Elxan Məmmədovdan “İdman Azərbaycan”a cavab
29 Sentyabr 2015 16:57

Dünən Azərbaycan Futbol Federasiyası Topaz Premyer Liqasının oyunlarında yayım hüququna malik “CBC Sport” kanalından başqa digər televiziya kanallarının çəkilişinə qadağa qoyub. Sportpress.az-ın məlumatına görə, bu qadağa “İdman Azərbaycan” kanalında “Premyer Liqa” verilişinin yayımının dayandırılmasına səbəb olub. “İdman Azərbaycan” kanalı verilişin bağlanması ilə bağlı yaydığı açıqlamada AFFA və qurumun baş katibi Elxan Məmmədovu günahlandıraraq futbolun inkişafına mane olduqlarını bildirib.

Məsələ ilə bağlı Elxan Məmmədov fikirlərini “Qafqazinfo”ya açıqlayıb. Baş katib qeyd edib ki, bu qadağa müqavilə şərtlərinə uyğun olaraq tam qanunidir: “Bu ilin iyul ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə əlaqədar tender elan edib. Tenderin şərtlərinə müvafiq ən real təklifi CBC kanalı irəli sürərək oyunların ilkin dövrdə CBC televiziya kanalında yayımlanacağını, “CBC Sport” kanalı üçün lisenziya alındıqdan sonra isə qarşılaşmaların bu kanal vasitəsilə yayımlanacağını bildirmişdi və tenderin qalibi olmuşdu.

Premyer Liqa oyunlarının yayım hüququna malik olan “CBC Sport” kanalının başqa televiziyalar və ya saytlar vasitəsilə oyunların çəkilişinə, habelə oyunlardan hazırlanmış videoreportajların yayımlanmasına qadağa qoyması müqavilə şərtlərinə uyğun olaraq tam qanunidir və bu praktika dünyanın əksər ölkələrində tətbiq olunmaqdadır.

Məsələn, Azərbaycan milli komandasının Avro-2016-nın seçmə mərhələsindəki bütün oyunlarının yayım hüququ İctimai televiziyaya məxsusdur və millinin oyunlarında digər televiziya kanalları çəkiliş aparmır”.

  • Share on Tumblr