“CBC Sport”də yayımlanacaq nüfuzlu yarışların siyahısı açıqlandı
28 Sentyabr 2015 18:27

“CBC Sport” telekanalında yayımlanacaq nüfuzlu beynəlxalq yarışların siyahısı açıqlanıb. Sportpress.az-ın məlumatına görə, bu barədə “Report”a telekanalın baş direktoru İlham Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, futbol çempionatlarından İtaliya və Braziliya A seriyası, Hollandiya Erediviziyası, Rusiya və Ukrayna Premyer Liqası, Türkiyə Kuboku və Super Kubokunun oyunları ekranlara gətiriləcək. İngiltərə, Almaniya və İspaniya çempionatlarının oyunlarından isə ən maraqlı görüntülər efirə veriləcək.

Digər idman növlərinə də yer ayrılacaq “CBC Sport” ATP və WTA seriyalı bütün tennis turnirlərini, o cümlədən “Böyük dəbilqə” yarışlarını, Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatlarını, voleybol üzrə Türkiyə Super Liqasını nümayiş etdirəcək.

Qeyd edək ki, “CBC Sport”un yayıma oktyabrın 1-dən başlaması nəzərdə tutulub.

  • Share on Tumblr