Güləşçilərimiz olimpiadaya daha 3 lisenziya qazandılar
10 Sentyabr 2015 10:39

Las Veqasda güləş üzrə Dünya çempionatı davam edir. Sportpress.az-ın məlumatına görə, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşulub.

85 kq-da yarışan təmsilçimiz Saman Təhmasimi ardıcıl 3 qələbə qazanmaqla həm yarımfinala yüksəlib, həm də olimpiadaya lisenziyanı təmin edib. Finala gedən yolda ukraynalı Jan Belenyuka uduzan güləşçimiz, sonuncu oyununda macar rəqibinə qalib gəlməklə bürünc medala sahib çıxıb.

48 kq-da yarışan Mariya Stadnik finala kimi irəliləyib. Həlledici görüşdə yaponiyalı Eri Tosakaya uduzan xanım güləşçimiz, dünya çempionatının gümüş medalını və olimpiadaya lisenziyanı qazanıb.

53 kq-da yarışan Anjela Doroqan da minimum vəzifənin öhdəsindən gələrək, Rio-2016-ya vəsiqə əldə edib. Lakin Doroqan medal qazana bilməyib və beşinci olub.

Stadnik və Doroqandan fərqli olaraq Elis Manolova elə ilk görüşündə uduzmaqla, mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, ilk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib.

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

  • Share on Tumblr