Səmti müəyyən etmə ilə İRƏLİ
05 Avqust 2015 14:59

“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətinin davam etdirilməsi məqsədilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “Green” layihəsinə start verib. Sportpress.az-ın məlumatına görə, təşkil olunan layihə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində avqustun 9-na kimi davam edəcək. Belə ki, təşkil olunan düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirəcək və eyni zamanda təşkil olunacaq səmti müəyyən etmə, dağa dırmanma üzrə yarışlarda özlərini sınayacaqlar.

Bu möhtəşəm layihə çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən düşərgə iştirakçıları üçün səmti müəyyən etmə idman növü üzrə  təlimlər təşkil olunur.

Proqrama uyğun olaraq dörd gün ərzində səmti müəyyən etmə üzrə milli komandanın üzvü, eləcə də sonuncu respublika çempionu Şəhriyar İsmayılovun rəhbərliyi ilə düşərgə iştirakçılarına hərbi yönlü idman növü sayılan səmti müəyyən etmə barədə geniş məlumat verilməklə yanaşı, həm nəzəri, həm də praktiki məşqlər keçiriləcək.

Onu da qeyd edək ki, düşərgədə 100-ə yaxın gənc iştirak edir.

  • Share on Tumblr