Xaqani Məmmədov: “Qəbələ”nin qazandığı penalti haqlı qərar idi”
31 İyul 2015 13:00

“Apollon”la görüşün son dəqiqələrində “Qəbələ”nin qazandığı penalti haqlı qərar idi”. Sportpress.az-ın məlumatına görə, bunu apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

UEFA Avropa Liqasının III təsnifat mərhələsində baş tutan “Apollon” – “Qəbələ” (1:1) matçında hakim idarəçiliyini dəyərləndirən Məmmədov “Qəbələ”nin lehinə son dəqiqələrdə penalti təyin edən ukraynalı Sergey Boykonun qərarını haqlı sayıb: “Hakim, bəlkə də, həmin epizodda penalti verməyəcəkdi. Sadəcə, ötürmə zamanı Boykonun mövqeyi əla idi. Başqa hakim olsaydı, bəlkə də, eyni qərarı verməzdi. Ancaq o, özündə cəsarət tapıb penaltini təyin etdi”.

Penalti zərbəsini qola çevirən “Qəbələ”nin kapitanı Cavid Hüseynovun jesti barədə də danışan komitə sədri ukraynalı hakimin bu dəfə səhvə yol verdiyini qeyd edib: “Cavid Hüseynovun həmin hərəkəti təxribatçı jest idi. Hakim onu cəzalandırmalı, qırmızı vərəqə göstərməli idi. Ancaq həmin anda bütün diqqətlər ehtiyat oyunçular skamyası tərəfə yönəlmişdi. Çünki orda gərginlik yaşanmışdı. Ora da Cavidin olduğu yerdən tam əks istiqamətdə idi. Həm baş hakimin, həm də köməkçilərinin gözü gərginlik yaranan yerdə olduğundan, Cavidin jestini görmədilər. Ancaq məncə, futbolçu cəzalandırılacaq. Yəqin ki, UEFA-nın Nizam İntizam Komitəsi buna görə, ona cəza verəcək”.

Qeyd edək ki, “Qəbələ” ilə “Apollon” arasında cavab görüşü avqustun 6-da “Bakcell Arena”da keçiriləcək”.

  • Share on Tumblr


Oxşar xəbərlər