“Neftçi” PFK Afyonkarahisardakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Sportpress.az-ın məlumatına görə, “ağ-qaralar” Səudiyyə Ərəbistanının “Əl-Fasali” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 20-ci dəqiqədə Aylton açıb. Bundan sonra bir neçə qol epizodunu boşa verən “ağ-qaralar” 90+1-ci dəqiqədə qapısında qol görüb. Buna baxmayaraq, cəmi 1 dəqiqə sonra Melli toru silkələyib. İspaniyalı futbolçu Rəhman Hacıyevin künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirib.
“Neftçi”nin start heyəti belə olub: Aqil Məmmədov, Melli, Elvin Bədəlov, Kamal Qurbanov, Aylton, Erik Ramos, Kaue, Rəhman Hacıyev, Araz Abdullayev, Samir Məsimov, Məhəmməd Qurbanov.
Sonradan meydana daxil olanlar: Borislav Stoyçev, Ruslan Qurbanov, Məqsəd İsayev, Fəhmin Muradbəyli.