“İlk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın böyük uğurudur”
16 İyul 2015 12:42

“Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın böyük uğurudur. Qardaş Azərbaycanın bu uğurundan Türkiyə xalqı da qürur duyur”. Sportpress.az-ın məlumatına görə, bu fikirləri “Azərtac”a müsahibəsində Türkiyə Karate Federasiyasının prezidenti Esat Dalihasan söyləyib.

E.Dalihasan deyib: “Bakı-2015”ə 18 nəfər heyətlə qatıldıq. Bu Oyunlarda 3-ü qızıl olmaqla 9 medal qazanmağımız bizim üçün böyük nailiyyətdir. İlk növbədə ona görə ki, bu medalları qardaş Azərbaycanda əldə etmişik. Bundan başqa, ilk Avropa Oyunlarında əldə etdiyimiz təcrübə gələcək uğurlarımız üçün yeni bir bünövrə oldu”.

Federasiyanın prezidenti Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin, yarışların təşkili, idmançıların və qonaqların qarşılanması, yerləşdirilməsi və onlara xidmət göstərilməsi zamanı bütün incəliklərin nəzərə alındığını deyib. O əlavə edib ki, Türkiyədə çox insan Azərbaycandakı sürətli inkişaf, xalqın qonaqpərvərliyi, qədim tarixi və zəngin mədəniyyəti haqqında məlumatlıdır. Çünki iki qardaş xalq bir-birinə qaynayıb qarışıb. Lakin Azərbaycana ilk dəfə gələn qonaqlar var idi ki, onlar gördüklərinə heyran qaldılar. Bakıda idmançılara verilən çoxçeşidli və ləziz yeməklər Azərbaycanın əvəzolunmaz mətbəx mədəniyyətini nümayiş etdirdi. Bu yeməklərdən ilk dəfə dadanlar həmişə onu arzulayacaqlar.

Dalihasan vurğulayıb ki, ilk Avropa Oyunları Azərbaycanda aparılan çoxistiqamətli inkişafın təbliği baxımından da böyük əhəmiyyət daşıyır. Atletlər Kəndi də daxil olmaqla Oyunlara aid bütün tikililər, o cümlədən nadir layihələr əsasında Bakıda ucaldılan müasir binalar Azərbaycan xalqının böyük quruculuq mədəniyyətinin, yüksək intellektinin nəticələri kimi yaddaşlara yazıldı. Əminliklə demək istəyirəm ki, Avropa Oyunları üçün Bakıya gedənlər bu şəhərdən xoş təəssüratla ayrıldılar. Bu Oyunlar Azərbaycan üçün yeni bir tarixi səhifə açdı”.

 

  • Share on Tumblr