Lianne Tan: “Bakıda olduğum hər dəqiqə mənə xoş idi”
14 İyul 2015 17:17

Bu yaxınlarda Bakıda keçirilmiş birinci Avropiadada gümüş medal qazanmış Belçika badmintonçusu Lianne Tan “Azərtac”ın müxbiri ilə söhbətində etiraf edib ki, tarixdə ilk qitə yarışlarında çıxış etməyi və hətta gümüş medal qazanmağı özünə şərəf bilir. O deyib: “Bu, mənim üçün həm də ona görə həyəcan dolu bir hadisə idi ki, dünya idmanı tarixində birinci Avropa Oyunlarında iştirak etməklə yanaşı, həyatımda ilk dəfə olaraq Bakıya gəlirdim. Ölkənizdə, xüsusən gözəl Atletlər kəndində olduğum hər dəqiqə mənə xoş idi. Avropa Oyunlarını reallığa çevirənlər – təşkilatçılardan tutmuş könüllülərədək hamı Oyunların yaxşı keçməsi üçün var qüvvəsini əsirgəməyib”.

Lianne badminton məşqləri və çıxışları üçün təşkil olunmuş zaldan çox razı qalıb. O deyib: “Sizdə məşq etmək, ümumiyyətlə, mükafata layiq yerlər uğrunda mübarizə aparmaq üçün əla idman obyektləri var. Mən yalnız badminton zalında olsam da, digər zalları televizorda gördüm, onlar da çox gözəl idi”.

Söhbət zamanı idmançı yaşayış şəraitindən xüsusi danışıb: “Atletlər kəndindəki mənzillər çox təmiz, işıqlı və genişdir. 4 otaqlı mənzildə üç sanitariya qovşağı var – bu, çox rahatdır. Bizim üçün hər cür şərait yaradılmışdı: ağır məşqlərdən sonra dincəlmək, kofe içmək və ya rəfiqələrlə söhbət etmək, əylənmək mümkün idi. Tibb məntəqəsini və fitnes-zalları xüsusi qeyd etmək lazımdır. Onlar yaxşı təchiz olunub və zamanın tələblərinə cavab verir”.

İdmançı qeyd edib ki, Azərbaycan atletlərinin çıxışı onu valeh etdi. Lianne səmimiyyətlə deyib: “O qədər medal! Afərin. Fəxr etməlisiniz ki, idmançılarınız sizə bu qədər sevinc bəxş etdi”.

O təəssüflə bildirib ki, proqram gərgin olduğundan şəhəri gəzməyə vaxtı qalmayıb. O deyib: “Avtobusun pəncərəsindən gördüklərim isə məndə silinməz təəssürat oyadıb. Ümid edirəm ki, nə vaxtsa Xəzərin sahillərinə məhz gəzmək üçün gələcəyəm”.

Belçikalı badmintonçu Azərbaycan kulinariyasına, xüsusən… desertlərə heyran qaldığını gizlətməyib: “Ay Allah! Çox ləzzətli idi!”

Sonda gümüş medalçı Azərbaycan xalqına firəvanlıq, sülh, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.

  • Share on Tumblr