“Azərbaycan daha möhtəşəm yarışlar keçirmək iqtidarındadır”
14 İyul 2015 13:50

Bakıda, birinci Avropa Oyunlarında qızıl medal qazanan belçikalı akrobat Culiye van Gelder Azərbaycan paytaxtında gördüklərindən qeyd-şərtsiz razı qalıb. Sportpress.az-ın məlumatına görə, “Azərtac”ın müxbiri ilə söhbətində Atletlər Kəndi haqqında gözəl sözlər söyləyən idmançı deyib: “Akrobatika Olimpiya idman növü olmadığı üçün indiyə qədər olimpiya kəndində yaşamaq bizə nəsib olmamışdı. Bakıdakı Atletlər Kəndi ilk təcrübəmiz idi və bu imkana görə çox sevindik”. Onun sözlərinə görə, “mənzillər gözəl, rahat idi, lazım olan hər şeylə təchiz edilmişdi”.

İdman obyektlərini də yüksək qiymətləndirən Culiya deyib: “Gimnastika Arenası çox xoşuma gəldi. Burada məşq və çıxış etmək çox xoş idi”.

Belçikalı idmançı etiraf edib ki, azərbaycanlı həmkarlarının hazırlıq səviyyəsi onu yaxşı mənada təəccübləndirib. “Onlar çox yaxşı çıxış edirdilər. Biz hətta dostlaşdıq. Əla qızlardır”- deyən akrobat voleybol və suya tullanma yarışlarına tamasa etməyə onlarla birlikdə getdiklərindən də söz açıb.

Culiya təşkilatçıların, könüllülərin və Oyunlara cəlb olunan hər kəsin işini tərifləyib: “Hər şey – təşkilatçılıq, infrastruktur və s. çox yüksək səviyyədə idi. Afərin sizə! Hər hansı çətinlik və sual yarananda, könüllüləriniz, eləcə də ətrafdakı insanlar sayəsində dərhal həll olunurdu”.

Şəhərin gözəlliyinə valeh olduğunu bildirən akrobat deyib: “Çıxışımızdan sonra şəhərə baxmaq üçün cəmi bir günümüz vardı. Bizə Bakıya gecə saatlarında baxmaq səadəti nəsib oldu. Çox əsrarəngiz idi”.

Belçikalı idmançı sonda deyib ki, Bakıda gördükləri onu Azərbaycanın daha möhtəşəm miqyaslı tədbirlər keçirməyə tam hazır olduğuna inandırıb. İdmançı fikrini bu sözlərlə tamamlayıb: “Bunun üçün hər cür imkanınız – həm stadionlarınız, həm Atletlər Kəndiniz və göründüyü kimi, yaxşı təcrübəniz var. Yəni siz idmançı xalqsınız”.

  • Share on Tumblr