Andreea Kitsu: “Birinci Avropa Oyunları “Rio-2016” öncəsi yaxşı təcrübə oldu”
14 İyul 2015 12:05

“Bakı-2015” birinci Avropa Oyunları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları öncəsi yaxşı təcrübə oldu”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Azərtac”a müsahibəsində birinci Avropa Oyunlarının qızıl medalını qazanan rumıniyalı cüdoçu Andreea Kitsu deyib. O, Atletlər Kəndində olarkən Londonda keçirilən Yay Olimpiya Oyunlarını xatırladığını bildirib.

Oyunların gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan rumıniyalı idmançı bu yarışların cüdo üzrə Avropa çempionatı ilə eyni vaxta təsadüf etdiyindən burada qızıl medal qazanmağın ona ikiqat sevinc gətirdiyini deyib.

Azərbaycanda gördüyü qonaqpərvərliyə, idmançılara olan münasibətə, yüksək təşkilatçılığa və milli mətbəximizin zənginliyinə toxunan cüdoçu Bakıda qazanılan bu qalibiyyəti hər zaman xatırlayacağını və buradakı hissləri yenidən yaşamaq istədiyini qeyd edib.

  • Share on Tumblr