“Bakı-2015”in məşəli Xaçmazda
03 İyun 2015 17:55

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə səyahətini davam etdirir. Sportpress.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Xızı, Qusar və Quba rayonlarından sonra məşəlin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz şəhərində keçirilib.

Xaçmaza gətirilən məşəl şəhərin Bakı prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıg. Məşəl xaçmazlı fəal gənc Mübariz Həsənov tərəfindən qəbul olunug. Sonra 12 nəfər məşəlçinin yürüşünə start verilig. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı prospekti boyunca 4 min 100 metr məsafəni qət edərək Bayraq Meydanına gəliglər. Cüdo üzrə beynəlxalq yarışların mükafatçısı Vasif Talıblı burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıg. Məşəlin alovlandırılmasını izləyən xaçmazlılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra isə İsmət Qayıbov adına Xaçmaz şəhər 3 saylı məktəbin IX sinif şagirdi Arzu Əskərova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verib.

Mərasim iştirakçıları birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər.

Məşəldar Yalçın Cabbarlı AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçısı olduğuna görə qürur hissi keçirdiyini bildirib: “Əlimdə məşəllə prospekt boyunca hərəkət etdikcə insanların məni salamlaması, alqışlaması qəlbimi iftixar hissi ilə doldurdu. İnşallah, idmançılarımız da qələbələri ilə bizləri sevindirəcəklər. Mən taekvando idman növü üzrə məşqçiyəm. Buna görə də taekvandoçularımızın mübarizəsini həyəcanla izləyəcəm. Son dünya çempionumuz Radik İsayevdən, Fəridə Əzizovadan yüksək əyarlı medallar gözləyirəm”.

Mərasimdə iştirak edən Xaçmaz sakini Mais Allahverdiyev birinci Avropa Oyunlarının məşəlinin Xaçmaza gətirilməsini rayon sakinləri üçün ən yaddaqalan hadisələrdən biri olduğunu qeyd edib: “Aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qədim Atəşgah məbədində alovlandırılan məşəl yurdumuzu qarış-qarış gəzərək Xaçmaza da gəlib çatdı. Mən Xaçmazla yanaşı Qubada, Qusarda keçirilən qarşılanma mərasimlərində də iştirak etmişəm. Hər bir rayonda birinci Avropa Oyunlarının məşəli toy-bayramla qarşılanır. Bu, hələ yarışların başlanmasına qədər olan bir coşqudur. Medallar uğrunda mübarizə başlayanda isə həyəcan daha da artacaq. İdmançılarımızın qarşılaşmalarını canlı izləyəcəm”.

Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova da sevincini AZƏRTAC-la bölüşüb: “Tarixi anlar yaşayırıq. Televiziyalardan birinci Avropa Oyunları ilə əlaqədar bütün xəbərləri izləyirəm. Azərbaycanın necə bir mötəbər yarışa ev sahibliyi edəcəyini dərindən dərk etdikcə, Vətənimizlə qürur duyuram. Oyunların məşəlinin Xaçmaz şəhərində böyük coşqu ilə qarşılanmasının şahidi olduq. Bu məşəl bütün regionlarımızı gəzərək insanları öz ətrafında birləşdirdi. Cəmi 8 gündən sonra bütün Avropanın gözü bizdə olacaq. Əminəm ki, bu sınaqdan da üzüağ çıxaraq dünyaya səs salacağıq”.

Birinci Avropa Oyunları məşəlinin qarşılanma mərasimi iyunun 4-də Şabran rayonunda keçiriləcək.

  • Share on Tumblr