Fəridə Əzizova: “Avropa Oyunları ilk dəfə keçirildiyi üçün böyük əhəmiyyətə malikdir”
31 May 2015 12:41

“Bakı-2015” birinci Avropa Oyunlarının taekvondo yarışlarında Azərbaycanın səkkiz idmançısı dayanq üzərinə çıxacaq. Sportpress.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, dörd kişi və dörd qadın idmançının daxil edildiyi heyətdə dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova da yer alıb. Qadınlar arasında 67 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək atlet turnirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq uğur qazanmaq üçün ciddi hazırlıq prosesi keçdiyini deyib. F.Əzizova bu barədə deyib: “Komanda olaraq yarışa səylə hazırlaşırıq. Birinci Avropa Oyunları özümü təsdiqləmək baxımından yaxşı şansdır. Bu mötəbər idman yarışı doğma divarlar arasında keçirildiyi və ilk dəfə təşkil edildiyi üçün böyük əhəmiyyətə malikdir”.

On doqquz yaşlı idmançı Çelyabinskdə keçirilən dünya çempionatında uğursuz çıxışını döyüşü qurmaqda çətinlik çəkməsi ilə əlaqələndirib: “Kolumbiyalı taekvondoçu ilə görüş istədiyim kimi olmadı. Hazırda səhvlərim üzərində işləyirəm. Dünya çempionatındakı uğursuzluğumu birinci Avropa Oyunlarında unutdurmağa çalışacağam”.

 

  • Share on Tumblr