“Bakı-2015”də Monteneqrodan 55 idmançı gücünü sınayacaq
30 May 2015 19:43

Monteneqro Milli Olimpiya Komitəsi (MMOK) “Bakı-2015” ilk Avropa Oyunlarında 55 idmançı ilə təmsil olunacağını bəyan edib. Sportpress.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bununla bağlı keçirilmiş mətbuat konfransında qeyd olunub ki, Monteneqro idmançıları yarışlarda su polosu (13), atletika (30), cüdo (4), boks (2), üzgüçülük (2), karate (1), velosiped (1), atıcılıq (1) və taekvondo (1) üzrə mübarizə aparacaqlar.

Tədbirdə iştirak edən MMOK-un prezidenti Duşan Simonoviç “Bakı-2015”-də Monteneqronu təmsil edəcək idmançıların medallar qazanmaq üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu bildirib. O deyib: “İlk Avropa Oyunları köhnə qitənin ən önəmli idman tədbiridir. Əminəm ki, Azərbaycan bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək”.

Mətbuat konfransında “Bakı-2015” barədə ətraflı məlumat verən Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə ölkəmizin Avropa Olimpiya Komitəsi tərəfindən göstərilən etimadı layiqincə doğrultduğunu qeyd edib. Bildirib ki, yarışlarda 6 mindən artıq idmançının, 3 mindən çox rəsmi nümayəndənin iştirakı gözlənilir.

S.Mirzəzadə Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini və Olimpiya hərəkatının genişləndiyini vurğulayıb. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilinin peşəkarlara həvalə edildiyini deyən diplomat bu tədbirlərin Azərbaycanın mədəniyyətini və müasir Bakının ev sahibi kimi Avropada rolunu nümayiş etdirəcəyinə ümidvar olduğunu qeyd edib.

Tədbirdə Monteneqro parlamentinin deputatı, bu ölkəni “Bakı-2015”-də təmsil edəcək nümayəndə heyətinin rəhbəri Andrea Popoviç də mötəbər tədbirlə bağlı fikirlərini bölüşüb: “İlk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etmək üçün Azərbaycanda bütün lazımi tədbirlər artıq görülüb. Yarışlarda idmançılarımızdan, xüsusilə su polosu üzrə mübarizə aparacaq komandamızdan yüksək nailiyyət gözləyirik. Ümumiyyətlə, atletlərimizin bu yarışlardan çoxlu sayda medallarla qayıdacaqlarına ümid edirəm”.

  • Share on Tumblr