Dörd boksçumuz yarımfinala vəsiqə qazandı
20 May 2015 16:47

Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Sportpress.az xəbər verir ki, dörd boksçumuz yarımfinala yüksəlməklə qitə birinciliyinin medallarını özlərinə təmin edib.

54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov Almaniya idmançısı Noah Fişerlə dueldən qalib ayrılıb – 3:0. Yarımfinala vəsiqə qazanan həmyerlimiz ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Həsənov yarımfinalda ukraynalı İvan Kozyarla qarşılaşacaq.

Bəxtiyar Qazıbəyov da (60 kq) adını yarımfinala yazdırıb.  Milli komandamızın üzvü ¼ finalda latviyalı Edqars Korzenevskisdən üstün olub – 2:1. Boksçumuz yarımfinalda Ermənistan nümayəndəsi Koryan Astyanla üz-üzə gələcək.

Cavid Hüseynov da (48 kq) komandamıza qələbə qazandırıb. Boksçumuz bolqarıstanlı Vensan Kirkorovu mübarizədən kənarlaşdırıb – 3:0. Hüseynov yarımfinalda irlandiyalı Lorkan Hurlekslə görüşəcək.

52 kq çəki dərəcəsində çıxış edən Niyaməddin Allahverdiyev də  yarımfinala yüksəlib.  Yığmamızın üzvü Ukrayna təmsilçisi Taras Bondarçuk üzərində qələbə qazanıb – 3:0. Allahverdiyev yarımfinalda şotlandiyalı Deklin Daffi ilə qarşılaşacaq.

Bu gün daha 4 boksçumuz ¼ final mərhələsinin görüşlərini keçirəcəklər.

Qeyd edək ki, boksçularımızdan Elton Məmmədov (57 kq) İsrail, Elgün Abdullayev (66 kq) isə Macarıstan təmsilçilərinə uduzaraq, yarışdan kənarda qalıblar.

  • Share on Tumblr


Oxşar xəbərlər