Altay Həsənov: “Avropa Oyunlarında bizi medallar gözləyir”
20 May 2015 03:12

Milli Gimnastika Arenasında gimnastların açıq məşqini izləyən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov jurnalistlərin suallarına cavab verib. Sportpress.az xəbər verir ki, federasiya rəsmisi idmançıların Avropa Oyunlarına hazırlığından danışıb:

“Qarşıda bizi Avropa Oyunları çərçivəsində gimnastika bayramı gözləyir. Avropa Oyunlarında gimnastika növləri üzrə yarışlar 2015-ci ilin 14-21 iyun tarixlərində baş tutacaq. Avropa Oyunları ilk dəfə Bakıda keçiriləcək və Avropa idman tarixi yazılacaq. Biz çox istərdik ki, burada uğurla çıxış edək. Bunu hamımız – azarkeşlər, federasiyamız gözləyir. Biz tam hazırıq, bu gün də idmançılarımızın hazırlıq səviyyəsinə baxmaq üçün burada toplaşmışıq”.

Altay Həsənov qeyd edib ki, açıq məşq zamanı gimnastların hazırlığından razı qalıb: “Zədələr olmasa, hakimlər öz işlərini yaxşı, düzgün aparsalar, gimnastlar da yaxşı çıxış etsə, medallar qazanacağıq. Bilirsiniz ki, bəzən hakimlər gimnastikada subyektiv yanaşmayla yadda qalır. Amma inanırıq ki, Avropa Oyunlarında hər şey obyektiv olacaq. O ki qaldı şəraitə, möhtəşəm arenamız var, gözəl fan-klubumuz, azarkeş dəstəyimiz var. Ümid edirəm ki, Avropa Oyunları zamanı arenamızda azarkeşlərin sayı çox olacaq. Oyunlara biletlər çox ucuzdur. Hamımız bu bayramda iştirak etməklə idmançılarımıza dəstək olmalıyıq”.

Azərbaycanda gimnastikanın inkişafından danışan vitse-prezident gələcəkdə gimnastikanın bütün növləri üzrə uğur qazanacaqlarına inandığını dedi: “Ən çox bədii gimnastikanı inkişaf etdirmişik. Ona görə də bizim nailiyyətlərimiz bununla bağlıdır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar bizə təkan verdi ki, 2013-cü ilin sonundan digər gimnastika idman növlərini də inkişaf etdirək. Bu növlər aerobika, qadın idman gimnastikası və batutdur. Biz gələcəkdə bu idman növləri üzrə yarışlarda da nailiyyətlər gözləyirik”.

Federasiyanın vitse-prezidenti bildirib ki, bu gün komandada psixoloji durum yaxşıdır: “Gimnastlar hazırlaşırlar, bəzi səhvlər olur. Ümid edirik ki, Avropa Oyunlarında həmin səhvlər olmayacaq. İnanırıq ki, işimizin nəticəsi olaraq Avropa Oyunlarında bizi medallar gözləyir. Çünki həqiqətən də Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva, federasiyanın bütün işçiləri, idmançılar və məşqçilər böyük zəhmət çəkiblər. Bu zəhmətin qarşılığında medallar da olmalıdır”.

  • Share on Tumblr


Oxşar xəbərlər