Maqnus Karlsen ShamkirChess2015-in qalibi oldu və 30 min avro qazandı – FOTOREPORTAJ
27 Aprel 2015 12:14

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 şahmat üzrə superturnirə yekun vurulub. Sportpress.az-ın məlumatına görə, Synergy Group-un sponsorluğuyla baş tutan yarışın qalibi norveçli qrossmeyster Maqnus Karlsen olub. Hazırkı dünya çempionu 9 turdan 7 xal toplamaqla bütün həmkarlarını qabaqlayıb. 5 görüşdə qələbə qazanan Karlsen 4 partiyada sülhə razılaşıb. Şəmkirdə yüksək ustalıq nümayiş etdirən dünya çempionu məğlubiyyət acısı yaşamayan iki şahmatçıdan biri olub. Bununla da Maqnus Karlsen Vüqar Həşimovun Memorialının ikiqat qalibi kimi tarixə düşüb.

Turnirdə ikinci yerə sabiq dünya çempionu Vişvanatan Anand çıxdı. 3 qələbə və 6 heç-heçə sayəsində 6 xal toplayan hindistanlı şahmatçı 9 tur ərzində məğlub olmayıb. Anand yarışın qalibi Maqnus Karlsendən 1 xal geri qalmaqla ikinci yerə layiq görülüb. ABŞ təmsilçisi Uesli So və İtaliya şahmatçısı Fabiano Karuana müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Sabiq dünya çempionu Vladimir Kramniklə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 5-6-cı yerlərdə qərarlaşıb. Ən az xal toplayan Aniş Giri (Hollandiya), Rauf Məmmədov (Azərbaycan), Maksim Vaşye-Laqrav (Fransa) və Mayksl Adams (İngiltərə) 7-10-cu pillələri tutub.

Mükafatlandırma mərasimində yarışın qalibi norveçli Maqnus Karlsenə kubok təqdim olunub. Reqlamentə əsasən dünya çempionu 30 min avro mükafat qazanıb. İkinci yerin sahibi Vişvanatan Anand 20, ilk üçlükdə qərarlaşan Uesli So 15 min avroya sahib çıxıb.

Qeyd edək ki, Synergy Group tərəfindən ardıcıl ikinci dəfə təşkil edilən Vüqar Həşimov Memorialının ümumi mükafat fondu 100 min avro təşkil edir.

 

_MG_7354 _MG_7362

 

 

dsc_1608 dsc_1647 dsc_1669 dsc_1691 dsc_1715 dsc_1849 dsc_1851

  • Share on Tumblr


Oxşar xəbərlər