Fransadan çempionluq xəbəri gəldi
27 Aprel 2015 09:30

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Fransada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Le Tour de Bretagne” veloyürüşündə mübarizə aparır. Sportpress.az-ın məlumatına görə, 7 mərhələli yarışın dünən keçirilən 172 km-lik 2-ci mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsi ilə yadda qalıb.

Məsafəni 3 saat, 53 dəqiqə, 52 saniyəyə başa vuran velosipedçimiz finişi ondan sonra keçən pelotonu 2 saniyə qabaqlayıb. Yeri gəlmişkən, pelotonun içərisində olan digər təmsilçimiz Maksim Averin fotofinişə əsasən 5-ci yeri tutub.

“Mən çox xoşbəxtəm və komanda yoldaşlarıma dərin minnətdarlığımı bildirirəm” – deyən Matey Müqerli, mərhələnin gedişində nəzarəti bir an belə əldən vermədiklərini xüsusi vurğulayıb. Qeyd edək ki, “Synergy Baku”nun heyətində bu ilin əvvəlindən etibarən çıxış etməyə başlayan Sloveniya çempionu Matey Müqerlinin mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaidjan-2015” veloyürüşündə də iştirakı planlaşdırılır.

Şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” ASC Azərbaycanın ilk peşəkar velokomandası “Synergy Baku Cycling Project”in baş sponsorudur.

  • Share on Tumblr


Oxşar xəbərlər